“Dərin islahatlar olacaq” - Prezident

Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək.



AzNews.az
xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir: "Bildiyiniz kimi maaşlar və pensiyalar qaldırıldı, sosial müavinətlər artırıldı, bu da bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir və bazar iqtisadiyyatı ölkədə uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur, onun problemlərini həll etməliyik".

İlham Əliyev çıxışı zamanı manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışıldığını da əlavə edib: "Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin".

"2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq, bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. . Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür" – deyə, Prezident vurğulayıb.