• Toplum
  • 12 Noyabr 2018 17:47
  •  2 007

DGK-nin Akademiyasında "Konstitusiya günü"

Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında "Konstitusiya günü"nə həsr olunmuş tədbir keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq bildirib ki, "Konstitusiya günü" Azərbaycanın əlamətdar tarixləri sırasında dövlət, dövlətçilik, xalqın taleyi, gələcəyi və inkişafı ilə bağlı çox mühüm bir tarixi gündür. Dünyada 5000 milli-etnik qrupa aid xalq və millətlərin mövcud olduğunu deyən Akademiyanın rəisi onlardan yalnız 200-ə qədərinin öz dövlətini qura bildiyini diqqətə çatdırıb.

Qulu Novruzov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının qeyd edildiyini xatırladaraq, Azərbaycan xalqının 100 il bundan əvvəl öz dövlətini yaratdığını, dövlətçilik tarixi ənənəsinə malik olduğunu bildirib. "Konstitusiya günü"nün bayram kimi qeyd edilməsinin əhəmiyyətindən danışan Akademiyanın rəisi xüsusilə gənclərin bu məsələnin mahiyyətinə varmalarının vacib olduğunu qeyd edib, "bu günün mahiyyətini anlamaq hər birimiz üçün ümdə vəzifədir", - deyə o bildirib. Konstitusiyanın hər bir dövlətin əsas sənədi hesab edildiyini vurğulayan Qulu Novruzov dövlətin bütövlükdə qanunvericilik bazasının bilavasitə Konstitusiya ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, daha da inkişaf etmiş dövlət olması, rəqabət qabiliyyətli olması, dayanıqlı inkişafın təmin olunması üçün gənclərin bacarığı, səriştəsi, dövlət və dövlətçilik təfəkkürünə malik olması çox əhəmiyyətlidir.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə həyata keçirilən siyasi strategiya nəticəsində ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb, Akademiyanın tələbələrini və əməkdaşlarını "Konstitusiya günü" münasibətilə təbrik edib.

Akademiyanın müəllimi Elşad Nəsirov "Konstitusiya hər bir Azərbaycan vətəndaşının hüquqlarının və azadlıqlarının təminatçısıdır" mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışaraq, ölkəmizin keçdiyi tarixi yola qısa ekskurs edib. Sovet hakimiyyəti illərində Azərbaycanda dörd dəfə Konstitusiyanın qəbul edildiyini və dəyişikliklərin olunduğunu diqqətə çatdıran natiq, Azərbaycanın sayca dördüncü Konstitusiyasında məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu qeyd edib.

Elşad Nəsirov 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunu xatırladaraq, 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiyanın yaradıldığını nəzərə çatdırıb. Nəhayət, 1995-ci il noyabrın 12-də ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini deyib. Elşad Nəsirov Konstitusiyanın müddəalarına ayrı-ayrılıqda nəzər salaraq, Azərbaycan Konstitusiyasının layihəsinin demokratik dövlətlərin konstitusiya müddəaları əsasında hazırlandığını da vurğulayıb. O, 2002, 2009, 2016-cı illərdə Azərbaycan Konstitusiyasına referendum yolu ilə edilən dəyişiklikləri dünya iqtisadi məkanına sürətlə inteqrasiya edən ölkəmizin inkişafı ilə bağlı zərurət kimi qiymətləndirib. Sonda, bayram münasibətilə Akademiya tələbələrinə təbriklərini çatdırıb.

Tədbirin sonunda "Konstitusiya günü"nə həsr olunmuş videoçarx nümayiş olunub.

Nigar CƏFƏR

AzNews.az

image description