• Toplum
  • 3 Yanvar 2019 16:25
  •  667

“Qaynar xətt”ə 124 minə yaxın zəng

Müraciətlər müxtəlif məsələləri əhatə edib

2018-ci il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

AzNews.az xəbər verir ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 123 613 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 85 054 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 38 559 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 14 321 sənəd (6806 ərizə, 7515 məktub) qəbul olunub və qeydiyyata alınıb.

2018-ci ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2018 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1127 sənəd (462 ərizə, 665 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 8582 zəng qəbul edilib.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

Səidə Nurməmmədli

AzNews.az

image description image description