2019-cu il yanvarın 25-də Tvinninq layihəsinin bağlanış mərasimi keçiriləcək. 2019-cu il yanvarın 25-də Tvinninq layihəsinin bağlanış mərasimi keçiriləcək.
  • Toplum
  • 24 Yanvar 2019 10:44
  •  2 450

Tvinninq layihəsi başa çatır

2019-cu il yanvarın 25-də Tvinninq layihəsinin bağlanış mərasimi keçiriləcək.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə artıq 2 ildən çoxdur ki, Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirilib.

AzNews.az xəbər verir ki, layihə Dövlət İmtahan Mərkəzi və Litva Respublikasının müvafiq qurumları (Litva Respublikasının Dövlət Katibliyi, Litva Respublikasının Dövlət Qulluğu Departamenti) və Avropa Sosial Fond Agentliyi ilə birgə həyata keçirilib.

Layihənin məqsədi vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarını və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin alətləri təkmilləşdirməkdir.

Bağlanış mərasimində Azərbaycan və Litvanın dövlət qurumlarından, o cümlədən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyindən bir sıra vəzifəli şəxslər çıxış edəcək.

Tvinninq Avropa İttifaqının institusional quruculuq aləti olaraq dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, eləcə də milli qanunvericilik sisteminin Aİ-nın standartlarına uyğunlaşdırmağa yardım göstərməyi nəzərdə tutur. Bu, Aİ-na üzv dövlətlərin dövlət qurumları ilə benefisiar, yaxud əməkdaş ölkələr arasında institusional əməkdaşlıq üzrə Aİ-nın alətidir. Avropa Komissiyasının təşəbbüsü olaraq yaradılan Tvinninq layihəsi 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başladılmışdır. Tvinninq müxtəlif sahələrdə birgə fəaliyyəti həyata keçirmək üçün Aİ-na üzv ölkələrdən, benefisiar ölkədən dövlət qulluğu sahəsindəki təcrübəni bir araya gətirməyi təmin edir. Tvinninq layihəsi Avropa Qonuşuluq və Əməkdaşlıq Aləti çərçivəsində Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir.

Səidə Nurməmmədli

AzNews.az