Bakıda 20 qəpiklik tum niyə 30 qəpiyə satılır? - FOTO

Qanun qadağan etmir, amma...

Paytaxtda, ictimai yerlərdə - əsasən metrostansiya çıxışlarında fəaliyyət göstərən yeni “Press Kiosk”ları hər kəs tanıyır. Onların qəzet kiosku, yoxsa mini ticarət obyekti olması ilə heç bir işimiz yoxdur. Amma bu obyektlərdə satılan məhsullara qoyulan əlavə qiymətlər diqqətimizi çəkir.

Belə ki, metronun "Elmlər Akademiyası"nın çıxışında yerləşən bu kiosklardan birinin qarşısından keçərkən gözümüz tum səbətinə sataşdı. Üzərində qiyməti yazılan (20 qəpik) “Beloçka” tumlarını 30 qəpiyə satırlar. “Bunun qiyməti 20 qəpikdir, niyə 30 qəpiyə satırsınız?” - sualına satıcı “Biz belə satırıq”-deyə cavab verdi.

Sonra yaxınlıqdakı digər kiosklarla da maraqlandıq. Onlarda da eyni vəziyyət idi.

Məsələ ilə bağlı “Beloçka” firmasına zəng etdik. Vəziyyəti olduğu kimi şərh etdik. Bildirdilər ki, bu barədə məlumatları yoxdur, amma araşdırılacaq:

“Xəbər verdiyiniz üçün çox sağ olun. Bəli, hər bir tum paketinin üzərində qiyməti yazılıb. Yəni ki, həmin qiymətdən baha satmaq olmaz. Çünki biz məhsulu ticarət obyektlərinə üzərində yazılandan aşağı qiymətə satırıq. Məsələn, 20 qəpiklik tumu 15 qəpikdən veririk ki, 20 qəpikdən satanda özləri də qazana bilsinlər”.

Firma əməkdaşı sözügedən obyektlərin ünvanlarını qeyd edərək əlavə etdi ki, yoxlama aparıldıqdan sonra həmin satış obyektləri ilə bağlı müvafiq təlimatlar veriləcək.

Daha sonra Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Bildirdi ki, bu kimi hallarla ​bağlı hər gün birliyə çoxsaylı şikayətlər daxil olur. Amma bu hallara görə qanunda heç bir qadağa yoxdur. Azad iqtisadiyyat şərtlərinə görə satıcı məhsulunu istədiyi qiymətə sata bilər:

“Burada əsas öhdəlik məhsulu təqdim edən şirkətin üzərinə düşür. Belə ki, həmin müəssisə öz qiymət siyasətinə xələl gəlməsin deyə bu kimi hallara nəzarət etməli və qarşısını almalıdır”.

Beləliklə, nəticə yenə də vicdanın, insafın üzərində hasil olur. Yəni süni qiymət artımları sırf sahibkarın və ya satıcının insafına, gözütoxluğuna bağlıdır. Təəssüf ki, bu xüsusiyyət də hər kəsi şərəfləndirmir.

Qeyd edək ki, bu cür süni qiymət artımı bəzi məhəllə marketləri üçün də aktualdır. Özü də təkcə tumlar deyil, üzərində konkret qiyməti yazılan sular və mobil telefon üçün danışıq kartlarına da əlavə qiymətlər tətbiq olunur.

Elgün Mənsimov
AzNews.az