Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafını göstərir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafını göstərir.
  • Toplum
  • 30 Yanvar 2019 14:36
  •  1 400

“Sumqayıt Kimya Sənaye Parkı Türkiyə iqtisadiyyatına da töhfə verəcək”

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafını göstərir.

Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin də önəmli bir hissəsini təşkil edir.

Bu sözləri ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin yanvarın 30-da Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlığı zamanı jurnalistlərə müsahibəsində Türkiyə səfiri Erkan Özoral deyib.

Türkiyə ilə Azərbaycan arasında çox sıx iqtisadi münasibətlərin olduğunu bildirən səfir qeyd edib ki, hər iki ölkə bir-birinin iqtisadiyyatına çox önəmli investisiyalar yatırır.

Diplomat vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində 10 il əvvəl tam fərqli mənzərə - köhnəlmiş, yararsız, fəaliyyət göstərməyən müəssisələr vardı: “Bu gün bu ərazidə çox gözəl, müasir müəssisələr yaradılıb. Burada istehsal olunan məhsulların böyük hissəsinin Türkiyəyə, o cümlədən dünya ölkələrinə ixracı planlaşdırılır. İnşallah, bu satış həyata keçiriləcək”.

Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin qurulmasında türk firmalarının da iştirak etdiyini xatırladan Erkan Özoral bildirib ki, bu, Türkiyə və Azərbaycanın qardaşlığının simvoludur. Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələr təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin iqtisadiyyatına da töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.(AZƏRTAC)

© AzNews.az