"Bizim ölkənin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan qadını fəaldır" "Bizim ölkənin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan qadını fəaldır"
  • Toplum
  • 16 İyul 2019 19:25
  •  1 444

Azərbaycanda qadın sahibkarlara dəstək olacaq təşkilat

"Bizim ölkənin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan qadını fəaldır"

Bu gün "Pullman" oteldə “İş Qadınlarına Dəstək” İctimai Birliyinin təqdimat mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə birliyin məqsədi, fəaliyyət istiqamətləri və hədəflərindən danışan «İş Qadınlarına Dəstək» İctimai Birliyinin sədri, "Vəfa Collection” şirkətinin rəhbəri Vəfa Muradzadə bildirdi ki, demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi, ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu inkişaf etməkdədir:

"Artıq ictimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılır. Azərbaycan qadını dövlət işlərində və özəl sektorlarda çalışmaqdan əlavə, son vaxtlar iş qurmaqla məşğuliyyətini yaradır. Onların bu fəaliyyəti özünəinamın artmasına, toplumda söz sahibi olmalarına rəvac verir. İndi biz də dövlətimizin qayğısı nəticəsində vətəndaş cəmiyyəti institutunun iştirakçısına çevrildik. Bununla da qarşımızda ciddi vəzifələr dayandığını dərk edərək, bu istiqamətdə davamlı olaraq zəruri işlər aparacağıq”.

V.Muradzadə təşkilatın əsas məqsədinin ölkədə yüksək potensiala və dayanıqlı əsaslara malik olmaqla, dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməkdən ibarət olduğunu qeyd etdi:

"Azərbaycan Respublikasında qadınların sosial və iqtisadi fəallığı siyasətinin daha səmərəli həyata keçirilməsinə, qadınların iqtisadi statusunun yüksəldilməsinə, cəmiyyətin bütün sahələrində qadınların fəal iştirakına dəstək olmaq, habelə, onların yaradıcı və innovativ potensialının üzə çıxması sahəsində fəaliyyət göstərmək, gənc qadınların təhsil və məşğulluq məsələlərinə dəstək olmaq məqsədilə peşə və tədris kursları təsis etmək başlıca işimiz olacaq”.

V.Muradzadə keçən il "Azərbaycan-Türkiyə iş qadınları dərnəyi”nin qurulmasına nail olmasının sevincini bölüşdü: "Sonra bu dərnəyin fəaliyyətini daha da genişləndirmək haqqında düşündük. Bu gün Azərbaycan məhsulları yüksək tərzdə qəbul olunur. Biz bu riski gözümüzün altına alıb ev tekstilində Azərbaycan brendi yaratdıq. Azərbaycan məhsulunun keyfiyyətini insanlara tanıtmaqla, onların beynində çevriliş edərək ilk nailiyyətimizi qazandıq. Əgər xarici bazarlarda tanınmış dünya brendləri ilə rəqabətə çıxa biliriksə, demək, mücadiləmizə dəydi. Əminəm ki, bizim işimiz toplumun da inkişafına dəstək verəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanlı tədbirdə çıxış etdi:

"Mən artıq bu ordunu təşkilatlanmış formada görürəm. Azərbaycanda QHT-lər inkişaf edir. Bu da bizim ölkənin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan qadını fəaldır. Ancaq arzu edərdim ki, qadınların rəhbəri olduğu təşkilatlar öz fəaliyyətlərində bir-birlərinə dəstək olsunlar, münaqişə aparmasınlar, bir-birinin uğurlarına sevinsinlər”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni öz çıxışında ölkədə 3500 QHT-nin qeydiyyatdan keçdiyini bildirdi:

“Azərbaycanda yeni bir hərəkat yaranır. İmkanı olan iş adamları təşkilatlar yaradırlar. Bu, yeni bir dalğadır. Bu təşkilatlar iş adamları hərəkatının güclənməsinin göstəricisidir. Onların fəaliyyəti dövlətimizin inkişafını zənginləşdirməyə xidmət edəcək”.

“Bu fəaliyyətin işində qadın təşkilatlarının rolu mühüm yer tutur” deyən tədqiqatçı alim Rəna Rzazadə də çıxış edərək öz xoş arzu və istəklərini çatdırdı.

Səidə

AzNews.az