Metronun daha bir yarımstansiyası yenidən qurulub

Yarımstansiya tam gücü ilə işləyir

“Bakı Metropoliteni” QSC-nin 50 ildən çoxdur ki, istismar olunan "İçərişəhər" alçaldıcı yarımstansiyası yenidən qurulub.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı qurum yayıb.

Məlumatda deyilir ki, yarımstansiyanın elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranmışdı. Müasir dövrün tələbləri nəzərə alınaraq, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb. Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar "Siemens" şirkətinə məxsusdur.

Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri "Siemens" şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər bir qədər əvvəl "Sahil", "Gənclik", "Elmlər Akademiyası" elektrik yarımstansiyalarında da aparılıb.

AzNews.az