Koronavirusa yoluxan İdris Abbasov xəstəxanaya yerləşdirilib

Artıq İdris Abbasov “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib

AMEA-nın Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov xəstəxanaya yerləşdirilib.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ictimailəşdirildikdən sonra bir çox tanınmış şəxslər, eləcə də sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlayıb. TƏBİB-in idarə heyətinin rəhbəri Ramin Bayramlı məsələyə dərhal reaksiya verib və məsələnin diqqətdə saxlanılacağını vurğulayıb.

İdris Abbasovun həyat yoldaşı Elnurə Abbasova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, artıq İdris Abbasov “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib:

“Məsələ ilə bağlı bizə köməklik göstərən hər kəsə təşəkkür edirik. Artıq İ.Abbasov klinikaya yerləşdirilib. Yaxın zamanda məni də həmin klinikaya yerləşdirəcəklər”.

Qeyd edək ki, məsələ ilə bağlı AMEA-nın rəhbərliyi, Milli Məclisin deputatları, media nümayəndələri, elm adamları və sosial şəbəkə istifadəçiləri tərəfindən sosial mediada çoxsaylı paylaşımlar edilib.

17:12

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən verilən məlumata görə, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda bildirilib.

Qeyd edək ki, İdris Abbasov bir neçə saat öncə sosial şəbəkə hesabında status paylaşaraq təcili tibbi yardım maşınında gözlədiyi halda xəstəxanada yer olmadığını bildirmişdi.