Əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb Əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb
  • Toplum
  • 12 Sentyabr 2020 17:29
  •  4 127

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilib

Əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilib.

AzNews.az-a daxil olan məlumata görə, imtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunmuş 24 imtahan mərkəzində aparılıb. Əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb.

Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə 2 imtahandan ibarət olub. Qaydalara əsasən, 2 saat ərzində keçirilən “Qabiliyyət üzrə yoxlama” imtahanında iştirakçılardan onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdığı sualların ümumi sayının ən azı 70%-ni, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50%-ni təkrar etmək tələb olunub. Əyani mərhələnin imtahanlarına qatılan 867 namizəddən 728 nəfəri “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçərək “İdarəetmə bacarıqları üzrə imtahan”na buraxılıb.

Qeyd edək ki, əyani mərhələnin “Qabiliyyət üzrə yoxlama imtahanı”nın nəticələri iştirakçılara həmin gün təqdim olunub. “İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ qazanacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib. Temperaturu 37°C-dən yuxarı olan iştirakçı qeydə alınmayıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.