• Toplum
  • 17 İyul 18:34
  •  3 183

Sahil Babayev Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüşüb

S.Babayev Nazirliyin kollektivi adından Vətən müharibəsi iştirakçıları olan jurnalistləri peşə bayramları ilə əlaqədar təbrik edib

“Azərbaycan media nümayəndələri 44 günlük Vətən müharibəsində də yüksək vətənpərvərlik ruhu ilə şanlı Zəfərimizə öz dəyərli töhfələrini verdi. Media nümayəndələri sırasında ön cəbhədə döyüşdə iştirak edənlər də az olmadı”.

Aznews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi qaziləri olan bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə deyib.

Nazir vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsi şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə həkk olundu. Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini Ermənistanın işğalından azad etdi, xalqımızın 30 illik yurd həsrətinə son qoyulub.

S.Babayev KİV nümayəndələrinin də bu böyük qələbənin əldə olunmasında fəal iştirakını qeyd edib. Bildirib ki, jurnalistlər Vətən müharibəsində həm cəbhə xəttində reportyor kimi çalışdılar, eyni zamanda, səfərbərlik çərçivəsində ön cəbhədə döyüşçü kimi iştirak etdilər.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm və AzTV-nin əməkdaşı Abışov Sirac isə iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar. Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Həmçinin Vətən müharibəsi iştirakçıları olan media nümayəndələrinin bir çoxu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə dövlət başçısının Sərəncamları ilə medallarla təltif ediliblər.

S.Babayev Nazirliyin kollektivi adından Vətən müharibəsi iştirakçıları olan jurnalistləri peşə bayramları ilə əlaqədar təbrik edib. Onlara həm Azərbaycan mətbuatının inkişafına, eyni zamanda, möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə təşəkkürünü bildirib.

image description image description image description image description image description