• Toplum
  • 23 Oktyabr 20:45
  •  6 548

Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? - Həkimdən AÇIQLAMA

Xəstəliyin vaksinasiyadan sonra yayılmasında əsas 2 səbəb...

Vaksindən sonra bir çox insanlar tipik korona kimi xəstəlik keçirdi

Azərbaycan koronavirusun 4-cü dalğasına hazırlaşır. Deltanın mutasiyaya uğrayan yeni versiyası sərhədləri keçir. Ölkədə kütləvi vaksinasiyadan sonra yoluxmada səngimə bir müddət olsa da, yenidən xəstələnənlər çoxalıb.

Kovid peyvəndindən sonra hər kəsi bir sual düşündürür. Vaksindən sonra yoluxma niyə azalmadı?

Aznews.az xəbər verir ki, nevroloq, manual-terapevt, eləcə də kovid xəstələrinin müalicəsi üzrə təcrübəli həkim Mirzə Qaraşov vaksinasiyanın yoluxma sayına təsir etməməsinin 2 səbəbini açıqlayıb.

Medicina.az-a açıqlamasında həkim kovid peyvəndindən sonra müəyyən qrup insanların real tipik kovid xəstəliyi keçirdiyini bildirib.

“Xəstəliyin vaksinasiyadan sonra yayılmasında əsas 2 səbəb görürəm. Birinci səbəb vaksin pasportuna görə qadağalar qüvvəyə mindikdən sonra insanların kütləvi olaraq vaksin məntəqələrinə axışıb sıxlıq şəraitində tez peyvənd olunmaq istəməsi idi. Vaksinin bir ay içində kütləviləşməsi elə kütləvi yoluxmanı da artırdı. İnsanların yoluxma imkanı daha çox oldu.

İkincisi bu vaksin müəyyən dərəcədə koronavirus infeksiyasının bəzi əlamətlərini verməlidir. Qızdırma, öskürək, qanda problem – bunlar gözlənilən hal idi. POlineyropatiyalar, anaflaktik reaksiyalar, eləcə də çox insanda sanki virusa yoluxmuş kimi xəstəlik gedişatı. Hətta bir neçə xəstəm var idi, hər iki dozadan sonra xəstəlik əlamətlərini keçirtdi, saturasiyası belə aşağı düşmüşdü. Bu da xəstəlik sayını artırdı.

Vaksindən sonra biz yüngül kovidə bənzər durum gözləyirdik, amma yüngül olmayanlar da oldu. Bu adamlar test versələr də yaxmada pozitiv çıxmır, amma qan analizində xəstəlik marker yüksəlmiş idi. Onlar da kovid kimi müalicə olunmağa başladı. Belə hallar 2 doza vaksindən sonra daha çox baş verirdi.

Uşaqlar arasında da yoluxma dinamikasının artması öz işini gördü. Amma mənim praktikamda ağırlaşan uşaq olmadı. Hətta I tip diabeti olan uşaq var idi, ailəsi yoluxmuşdu, ona görə narahat idim, o da çox yüngül keçirdi.

Çox qəribədir ki, uşaqlar sürətlə sağaldı. 22 yaş-25 yaşa qədər ağırlaşan xəstə görmədim. Onlara heç bir antibiotik və virus dərmanı təyin etmədim. Onlara yalnız hemeopatik müalicə təyin etdim.

Qəribə paradoks bir də ondadır ki, xəstəliyi yüngül keçirəcəyinə əmin olduğumuz adamlar – hansı ki, orta yaşdır, cavandır, xroniki xəstəliyi yoxdur, əksinə onlar daha pis keçirirdi. O xəstələr ki, ağırlaşacağını gözləyirdik, onlarsa yüngül keçirdilər.

Olub ki, yaşlı ana, şəkərli diabet, təzyiq xəstəsi koronavirus idi, bütün ailə ona görə narahat idi, ana sağaldı, amma oğlu çox çətin sağaldı, ağciyərləri 60-70% zədələnmişdi.

Koronavirusun nə vaxt bitəcəyi barədə proqnoz vermək olmur. İnfeksion xəstəliklər gah sönür, gah artır, bir neçə ildən sonra yenidən aktivləşə bilər.

Amma bu qədər peyvəndləmədən, yoluxmadan sonra azalmalıdır. Mən artma gözləmirəm. Təkrar xəstələnmələr olsa belə insanlar xəstəliyi yüngül keçirəcək.

İşin çətin tərəfi odur ki, bizdə bütün xəstələnən, hətta xəstələnməyən insanlar yüksək miqdarda antibiotik müalicəsi aldılar və ölkə üzrə bütün əsas güclü antibiotiklərə qarşı həssaslıq azalıb, gələn dalğalarda ağır xəstələr üçün əlimizdə istifadə etməyə antibiotik növü qalmayıb, hamısı zəifdir. Bu, insanları böyük təhlükə qarşısında qoya bilər.

Mən əvvəldən koronavirusu vaskulit xəstəliyi kimi qəbul etmişəm, ona görə çox xəstələrə antibiotik təyin etmədim. Bir çox antibiotiklərin xəstələri əksinə ağırlaşdırdığı məqamlar da olub. Ceftriaksion kimi antibiotikə qarşı davamlılıq yaranıb, onun müalicədə effekti azalıb".