• Toplum
  • 1 İyun 2023 10:33
  •  2 660

Yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bakı şəhərində yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Paytaxtın Nərimanov rayonunda, Aşıq Alı küçəsi, 7/19 ünvanında yerləşən Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.

Mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas əhali qruplarından olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həssas qrupların sosial müdafiəsi tədbirləri mütəmadi olaraq gücləndirilir, sosial xidmətlər sisteminin əhatə dairəsi genişləndirilir. Agentlik hazırda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri həm stasionar, həm də səyyar formada sosial xidmətlərlə təmin edir.

Daha əvvəl açılışı olan Abşeron və Sabunçu Sosial Xidmət Mərkəzlərində bu kateqoriyadan olan 500-dək uşağın reabilitasiyası işləri aparılıb, hazırda 139 uşaq müvafiq xidmətlərlə təmin edilir.

Yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yarımstasionar formada 3-11 yaş qrupuna aid əlilliyi olan uşaqlar bəhrələnəcək. Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil ediləcək, valideynləri müvafiq təlimlərə cəlb olunacaq.

Ay ərzində 80 nəfər uşağa xidmət göstərəcək Mərkəz uşaqlara keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla da təchiz edilib.