Mentalitetlə Toqquşan Gənclik: Mən nə istəyirəm?

“Bu günün gəncləri sadəcə fərqli olmaq istəmirlər. Onlar eyni zamanda başa düşülmək, qəbul olunmaq və yaşadıqları mühitdə boğulmadan nəfəs almaq istəyirlər. Cəmiyyət isə bu fərqliliyi bir təhdid kimi deyil, bir zənginlik kimi dəyərləndirməyi öyrənməlidir. Müasir gənclər fərqli düşünmək, özlərini ifadə etmək və cəmiyyətdə görünmək istəyirlər. Bu istək yalnız daxili ehtiyacdan doğmur, sosial platformalarda yayılan təbliğatla da güclənir. “Mükəmməl həyat” nümayiş etdirən fenomenlərə bənzəmək arzusu, xoşbəxtliyin süni modellərlə təqdim olunması bu meyli daha da artırır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib.

Qeyd edək ki, bəzi mütəxəssislərin fikrincə, müasir gənclər fərqli düşünmək, özlərini ifadə etmək və cəmiyyətdə görünmək istəyirlər. Lakin bir çox hallarda bu istəklər sosial təzyiqlə üz-üzə qalır. “Ətraf nə düşünər?”, “Ailə buna necə reaksiya verər?”, “Bu davranış cəmiyyətə uyğunmu?” kimi suallar gənclərin daxili azadlığını məhdudlaşdırır. Nəticədə, onlar bəzən öz fikirlərini açıq deyə bilmir, geyim və həyat tərzi seçimlərində tərəddüd yaşayırlar. Bu hal sadəcə davranışla məhdudlaşmır, zamanla insanın psixoloji durumuna da təsir göstərir.

Psixoterapevt bildirib ki, gənclər bəzən xoşbəxtliyi tapmaq, sevilmək və qəbul olunmaq üçün başqalarına bənzəməyə çalışırlar.

“Özlərini fərqli görünən şəkildə təqdim etməyə çalışırlar. Bu isə göstərir ki, özünü ifadə etmək yalnız azadlıq hissindən deyil, eyni zamanda sosial qəbul olunmaq ehtiyacından da qaynaqlanır. Gənclər tez-tez ətraf mühitin, ailənin və cəmiyyətin sərt mühakiməsi ilə üzləşirlər. Onların düşüncə və davranışları çox zaman mövcud mentalitet çərçivəsində qəbul olunmur. Ənənəvi dəyərlər üzərində formalaşmış ailə münasibətləri və kollektiv düşüncə tərzi, fərqli düşünən və yaşayan gənci kənarlaşdırmağa meyllidir. Bu isə gənclərin öz davranışlarını daim nəzarətdə saxlamasına, seçimlərini ehtiyatla etməsinə, bəzən isə fikirlərini və hisslərini gizlətməsinə səbəb olur. Zaman keçdikcə bu daxili mübarizə yalnız geyim və həyat tərzi ilə məhdudlaşmır, insanın psixoloji durumuna da dərin təsirlər buraxır. Özünü olduğu kimi ifadə edə bilməyən fərd tədricən cəmiyyətin yaratdığı qəliblərə zorla uyğunlaşmağa başlayır və ya bu qəliblərdən tamamilə uzaqlaşaraq marginallaşır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az