Kirayə mənzildə qeydiyyat: Nələri bilmək lazımdır?

“Ümumiyyətlə, kirayə müqaviləsi mütləq şəkildə yazılı formada bağlanmalıdır. Mənzilə müvəqqəti qeydiyyata düşmək istəyən şəxslər yaşadıqları ərazi üzrə notarial qaydada təsdiqlənmiş kirayə müqaviləsini təqdim etməlidirlər. Həmçinin, qeydiyyat yalnız mülkiyyətçinin razılığı ilə və onun notarial qaydada verdiyi yazılı icazəsi əsasında mümkündür. Mülkiyyətçilər bilməlidirlər ki, həmin şəxslərin onlara hər hansı hüquqi problem yaratması yalnız o halda mümkündür ki, məsələn, sabah evini təcili şəkildə satmaq istədikdə əlavə icazələrin alınması zərurəti yaransın”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

Qeyd edək ki, son illər kirayə mənzildə yaşayanların həmin ünvanda rəsmi qeydiyyata düşmək istəyi xeyli artıb. Bu, dövlət xidmətlərindən yararlanmaq üçün yaşayış yerinin rəsmi sənədlərlə təsdiqlənməsinin vacib olması ilə bağlıdır. Məsələn, uşaqları məktəbə yazdırmaq, sosial yardım almaq və tibbi xidmətlər üçün qeydiyyat tələb olunur. Lakin qeydiyyat ev sahibləri üçün hüquqi və maliyyə çətinlikləri yarada bilər.

Hüquqşünas bildirib ki, əgər kirayə müqaviləsi düzgün və qanuna uyğun tərtib olunubsa, kirayəçi mülkiyyətçiyə hüquqi problem yarada bilməz.

“Eyni zamanda qeyd etmək istəyirəm ki, kirayəçilər yaşayış ünvanında qeydiyyata düşmədən, faktiki olaraq həmin ərazidə bir aydan artıq müddətdə yaşadıqları halda, bu hal hüquq-mühafizə orqanları, xüsusilə də ərazi üzrə sahə inspektoru – yəni polis əməkdaşları tərəfindən araşdırılır və sənədləşdirilir. Bu zaman kirayədə yaşayan şəxsin qeydiyyatsız qalması barədə protokol tərtib edilir və həmin şəxs qanunvericiliyə uyğun olaraq 30 manat məbləğində inzibati qaydada cərimə oluna bilər. Odur ki, həm mülkiyyətçilər, həm də kirayəçilər bu məsələdə qanunvericiliyin tələblərinə riayət etməli, qeydiyyat məsələlərini vaxtında və düzgün şəkildə həll etməlidirlər ki, gələcəkdə hər hansı hüquqi və ya inzibati problem ilə qarşılaşmasınlar”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az