Vəsiyyətnamə olmadıqda ögey şəxslər vərəsə ola bilərmi?

Ali Məhkəmə vərəsəliklə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib. AzNews.az xəbər verir ki, Ali Məhkəmənin yeni qərarına görə, vəsiyyətnamə olmadıqda, yəni miras qoyan şəxs sağlığında yazılı sənədlə iradəsini bildirməyibsə, ögey ailə üzvləri - məsələn, ögey övlad və ya ögey valideyn - həmin mirasdan pay ala bilməz. Onlar qanunla vərəsə hesab olunmurlar və yalnız vəsiyyət əsasında miras hüququ qazana bilərlər.

AzNews.az-ın şərhinə görə, bu, o deməkdir ki, bir ailədə uzun illər bir yerdə yaşamış ögey uşaqlar və ya digər ailə üzvləri, qanuni vərəsə sayılmadıqları üçün, vəsiyyət olmadıqda heç bir hüquqi tələb irəli sürə bilməzlər. Belə hallarda yalnız qan qohumları, nikah tərəfdaşları və rəsmi şəkildə övladlığa götürülmüş şəxslər mirasçı sayılır.

Məsələyə roman-german hüquq sistemi çərçivəsində də baxdıqda, bu yanaşma tam uyğundur. Bu hüquq sistemi (Azərbaycan da bu sistemə daxildir) yalnız qan qohumluğu, rəsmi nikah və övladlığa götürmə əsasında vərəsəlik hüququnu tanıyır. Əgər şəxsin mirasını ögey övladı və ya qohumu alsın deyə arzusu varsa, bu yalnız notarial qaydada tərtib edilmiş vəsiyyətnamə ilə mümkün ola bilər. Əks halda, həmin şəxslər hüquqi baxımdan yad şəxs sayılır və vərəsəlik hüququ əldə etmirlər.

Beləliklə, ögey ailə üzvlərinin miras alması üçün hüquqi yeganə yol – vəsiyyətnamənin mövcudluğudur. Bu isə ailədaxili münasibətlərdən daha çox hüquqi rəsmiyyətin vacibliyini ortaya qoyur.

AzNews.az