- Toplum
- 6 Avqust 18:06
- 2 210
İnsan beyninin “tənbəlliyi”: Niyə yeni vərdişlər formalaşdırmaq çətindir?

Gündə erkən qalxmaq istəyirik, sağlam qidalanmağa qərar veririk, sosial şəbəkələrdə vaxt keçirməyi azaltmaq niyyətindəyik. Amma çox zaman bu qərarlarımız qısa müddət sonra sabun köpüyü kimi yox olur. Bəs niyə yeni vərdişlərə başlamaq asan, davam etdirmək isə bu qədər çətindir?
Cavab insan beyninin işləmə mexanizmində gizlidir. Beynimiz, təbiəti etibarilə enerjiyə qənaət etməyə çalışan bir orqandır. Hər yeni qərar və hər yeni fəaliyyət üçün daha çox enerji sərf olunur. Bu isə o deməkdir ki, beyin əvvəlki, tanış və avtomatlaşdırılmış davranışları “təmiz enerjiyə qənaətli yol” kimi seçir. Elə bu səbəbdən də köhnə vərdişləri dəyişmək çətin, yenilərini formalaşdırmaqsa daha uzun və iradə tələb edən prosesdir.
Beynin autopilot rejimi
Nevroloji olaraq, beyin tez-tez istifadə olunan davranışları “avtomatlaşdırılmış rejimə” keçirir. Məsələn, sükan arxasında təcrübəli sürücü çox düşünmədən avtomobili idarə edir, eyni zamanda musiqi dinləyə və ya danışa bilir. Bu autopilot rejimi, vərdişlər formalaşdıqca daha aktiv işləməyə başlayır. Yeni vərdişlər isə hələ autopilot sistemə keçmədiyi üçün davamlı diqqət və enerji tələb edir.
Dopaminin rolu
Yeni nəsil elmi araşdırmalar göstərir ki, davranışlarımızın davamlılığı və motivasiya mərkəzində dopamin adlı neyromediator dayanır. Dopamin qısa müddətli mükafat hissi verir. Köhnə vərdişlərimiz – məsələn, sosial şəbəkədə “scroll” etmək və ya fast food yemək – dərhal dopamin “sıçrayışı” yaradır. Amma idman etmək, kitab oxumaq, yeni bacarıqlar öyrənmək kimi faydalı vərdişlərin nəticələri zamanla formalaşdığı üçün beyin onları ilk mərhələdə “az cəlbedici” kimi dəyərləndirir.
Dəyişiklik qorxusu və “komfort zonası”
Psixologiyada “komfort zonası” anlayışı çoxdan tanınır. Bu zona, beynin və psixikanın özünü təhlükəsizlikdə hiss etdiyi sahədir. Hər bir yenilik isə komfort zonasını pozur və beynin siqnal sistemində “təhlükə” kimi qiymətləndirilə bilər. Bu zaman stres hormonu olan kortizol səviyyəsi arta bilər və beyin “geri çəkilməyə”, yəni köhnə vərdişlərə qayıtmağa meylli olur.
Bəs necə dəyişək?
Məsələn, gündəlik idmana 30 dəqiqə ilə deyil, 5-10 dəqiqə ilə başla. Hər dəfə yeni davranışı həyata keçirdikdə, özünü təltif et. Ətraf mühit də vərdişlərə təsir edir. Məsələn, telefona yox, kitab yerləşdirilmiş masa başında otur. Davamlılıq üçün günün müəyyən saatını o fəaliyyətə ayır.
Unutma ki, vərdişin yaranması üçün orta hesabla 21-66 gün vaxt tələb olunur. Əgər ilk günlər çətin gəlirsə, bu, beynin tənbəlliyi deyil, onun sənin enerjini qorumağa çalışmasıdır. Amma hər gün kiçik bir addım belə, uzun müddətli dəyişimin başlanğıcı ola bilər.
AzNews.az