Azərbaycanda gənclər arasında xərçəng halları artır – Rəqəmlər həyəcan təbili çalır

Ötən il Azərbaycanda gənclər arasında bədxassəli şişlərin aşkarlanması ilə bağlı rəqəmlər narahatedici səviyyəyə yüksəlib. Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” məcmuəsində yer alan məlumata görə, 2024-cü ildə 14-29 yaş aralığında olan 393 gəncdə bədxassəli şiş aşkarlanıb. Onlardan 189-u kişi, 204-ü isə qadındır. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artımı göstərir. Belə ki, 2023-cü ildə bədxassəli şiş aşkarlanan gənclərin sayı 296 nəfər təşkil etmişdi. Rəqəmlər yaş qrupları üzrə də diqqət çəkir. Əgər 2023-cü ildə 14-17 yaş arası cəmi 48 nəfərdə belə diaqnoz qoyulmuşdusa, 2024-cü ildə bu göstərici 70 nəfərə yüksəlib. Daha geniş yaş aralığına baxdıqda isə 18-29 yaş qrupunda 248 gəncdə bədxassəli şiş aşkarlanan 2023-cü ilin müqayisəsində, 2024-cü ildə bu rəqəm 323-ə çatıb.

Statistikanın göstərdiyi bu artım, yalnız tibbi fakt deyil, həm də sosial və psixoloji problem kimi diqqət tələb edir. Bədxassəli şişlər, xüsusən də gənc yaşda rastlanıldıqda, həm xəstənin həyat keyfiyyətinə, həm də onun ailəsinin sosial durumuna ciddi təsir göstərir. Gənclik dövrü insanın təhsil, karyera və şəxsi həyatla bağlı ən aktiv dönəmi hesab olunur. Bu yaşda xərçəng kimi ağır diaqnozla üz-üzə qalmaq onların gələcək planlarını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Mütəxəssislərin fikrincə, gənclərdə onkoloji xəstəliklərin artmasının səbəbləri çoxşaxəlidir. Buraya ekoloji problemlər, düzgün olmayan qidalanma, passiv həyat tərzi, siqaret və alkoqol istifadəsi, həmçinin genetik meyillilik daxildir. Bununla yanaşı, texnologiyanın həyatımıza artan təsiri, xüsusilə də elektromaqnit şüalanma və yüksək radiasiya fonu da müzakirə olunan amillər arasındadır.

Ən önəmli məqamlardan biri erkən diaqnostikanın əhəmiyyətidir. Müasir tibbdə xərçəng xəstəliklərinin böyük hissəsi vaxtında aşkarlanarsa, müalicə nəticələri daha uğurlu olur. Bu səbəbdən də gənclərin və onların valideynlərinin mütəmadi tibbi müayinələrə diqqət ayırması olduqca vacibdir. Maarifləndirici tədbirlərin artırılması, sağlam həyat tərzinin təbliği, məktəblərdə və universitetlərdə profilaktik sağlamlıq proqramlarının gücləndirilməsi bu sahədə mühüm addımlar ola bilər.

Ümumilikdə, 2024-cü il üzrə açıqlanan statistik göstəricilər gənclər arasında onkoloji xəstəliklərin artmaqda olduğunu təsdiqləyir. Bu isə həm səhiyyə qurumlarının, həm də cəmiyyətin məsuliyyətini artırır. Gənclərin sağlamlığı yalnız fərdi məsələ deyil, eyni zamanda ölkənin gələcək inkişafı və sosial rifahı üçün mühüm faktordur.

AzNews.az