Macarıstanın Baş naziri: Aİ-də yekdillik prinsipindən imtina edilməsini dəstəkləmirəm

Macarıstanın Baş naziri Peter Macar Avropa İttifaqında bir sıra sahələr üzrə yekdillik prinsipinin ləğv edilərək əksəriyyət səsverməsinə keçid ideyasını dəstəkləmədiyini bildirib.

O, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində danışıb.

“Hazırda bir sıra sahələrdə yekdillik prinsipinin əvəzinə əksəriyyət səsverməsinin tətbiq edilməsinin tərəfdarı deyiləm. Danışıqlar aparacağıq və kompromis tapacağıq”, – deyə Macar bildirib.

Baş nazirin sözlərinə görə, 27 üzv dövlət arasında razılıq əldə etmək asan olmasa da, əksər hallarda ortaq məxrəcə gəlmək mümkün olur.

Peter Macar qeyd edib ki, onun sələfi Viktor Orban daim Brüsseli məğlub etməyin vacibliyindən danışırdı. Lakin hazırkı hökumət başçısının fikrincə, məsələ kiminsə qalib gəlməsində deyil.

“Burada əsas məqsəd qələbə qazanmaq deyil, qarşılıqlı anlaşma yaratmaq və tərəfləri inandırmaqdır”, – deyə Macarıstanın Baş naziri vurğulayıb.

Macarın açıqlaması Avropa İttifaqında qərarların qəbul edilmə mexanizmi ilə bağlı davam edən müzakirələr fonunda diqqət çəkib. Son dövrlərdə bəzi üzv dövlətlər xarici siyasət və təhlükəsizlik məsələləri də daxil olmaqla bir sıra sahələrdə yekdillik prinsipinin ləğv olunaraq qərarların səs çoxluğu ilə qəbul edilməsini təklif edirlər.

Mövsüm,

AzNews.az