Tramp administrasiyası 60 ölkəyə əlavə gömrük rüsumları tətbiq etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası məhsul istehsalında məcburi əməyin istifadəsinə qarşı mübarizə çərçivəsində 60 ölkədən idxal olunan mallara əlavə gömrük rüsumları tətbiq etməyi planlaşdırır.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqton sözügedən ölkələrin məcburi əməyin tətbiqi ilə istehsal edilən məhsulların ticarətinin qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyi qənaətinə gəlib.

Bu səbəbdən ABŞ administrasiyası həmin ölkələrdən idxal olunan məhsullara əlavə 10 və ya 12,5 faiz həcmində rüsum tətbiq etməyi təklif edib.

Agentliyin məlumatına əsasən, 10 faizlik əlavə rüsumlar Kanada, Ekvador, Avropa İttifaqı, Meksika, Pakistan, Argentina, Banqladeş, Kamboca, Salvador, Qvatemala, İndoneziya, Malayziya, Tayvan və Böyük Britaniyadan idxal olunan məhsullara şamil ediləcək.

Digər 45 ölkəyə isə 12,5 faizlik əlavə gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.

Qeyd olunur ki, yeni tədbirlər ABŞ-ın ticarət siyasətində insan hüquqları və əmək standartları ilə bağlı tələblərin daha da sərtləşdirilməsi istiqamətində atılan addımların tərkib hissəsidir. ABŞ rəsmiləri hesab edirlər ki, məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsullar beynəlxalq ticarətdə ədalətli rəqabət prinsiplərini pozur və Amerika bazarına mənfi təsir göstərir.