Ankara Sosial Elmlər Universitetinin prorektoru: Azərbaycan türk dünyasının inkişafında körpü rolunu oynayır

Ankara Sosial Elmlər Universitetində (ASBU) "Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi və Türk dünyasının gələcəyi" mövzusunda panel müzakirələri keçirilib.

Aznews.az xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycandan diplomatlar, siyasi partiya nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.

Paneldən öncə ASBU-nun prorektoru, professor Yasin Söylər çıxış edərək bildirib ki, Azərbaycan türk dünyasının inkişafında körpü rolunu oynayır: "Ulu öndər Heydər Əiyevin "İki dövlət, bir millət" prinsipi əsasında Azərbaycanla Türkiyənin mütəffiqlik münasibətləri bütün türk dünyası üçün müsbət nümunəyə çevrildi. Bu baxımdan Azərbaycan türk dövlətlərinin təşkilatlanmasında körpü rolunu öz üzərinə götürüb".

ASBU-nun müəllimi Elem Eyrice Tepekçioğlunun moderatorluğu ilə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Nazim Cəfərsoy və "Xəzər" Universitetinin dosenti Orxan Vəliyev türk dünyasında əməkdaşlığın və səylərin gücləndirilməsinin vacibliyini müzakirə ediblər.

C.Vəliyev bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına "strateji əməkdaşlıq platforması" kimi baxır.

O deyib ki, TDT digər dövlətlərə qarşı qərəzli deyil və əməkdaşlığa açıqdır.

BMTM üzvü Türk dünyasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri sırasında müdafiə və təhlükəsizlik sahələrini də qeyd edib.

"Azərbaycan 30 il ərzində işğala qarşı mübarizə aparıb, Türkiyə onilliklərdir terrorizmlə mübarizə aparır. Təhlükəsizlik problemləri ilə digər ölkələr də üzləşir", - deyən ekspert "Türk dünyasının birgə ordusu" ideyasının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

N.Cəfərsoy çıxışında Türk dünyasının qarşısında duran çağırışlar, o cümlədən iqtisadi sahədə mövcud problemlər barədə danışıb. O, vahid ərazi icmaları arasında qarşılıqlı ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin faydalarını da söyləyib.

O.Vəliyev Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yaranmış yeni imkanlara toxunub, Türk dünyasının inkişaf perspektivləri və TDT-nin qarşısında duran ümumi çağırışlarla bağlı fikirlərini bölüşüb.

image description image description image description