- Toplum
- 17:22
- 1 377
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantların valideynləri üçün növbəti tanışlıq günü - açıq qapı təşkil olunub.
Aznews.az xəbər verir ki, görüşün məqsədi ailələri övladlarının təhsil prosesi, təlim-tərbiyə sistemi, qidalanma və məişət şəraiti ilə əyani şəkildə tanış etmək olub.
Valideynlər Akademiyanın auditoriyalarını, praktiki təlim meydançalarını, idman zallarını və yataqxana kompleksini gəzərək yaradılan şərait barədə ətraflı məlumat alıblar. Onlara bildirilib ki, kursantların peşə hazırlığı müasir standartlara uyğun qurulub, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Görüş zamanı valideynlər övladlarının gündəlik qidalanma rejimi, tibbi təminatı və sosial-məişət imkanları ilə də maraqlanıblar. Diqqətə çatdırılıb ki, gələcəyin polis zabitlərinin sağlam mühitdə yetişməsi üçün bütün zəruri şərait yaradılıb və bu proses nəzarətdə saxlanılır.
Səmimi dialoq şəraitində keçən tədbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və rəyləri dinlənilib. Ailələr övladlarının etibarlı mühitdə, peşəkar kollektivin himayəsində formalaşdığını görməkdən məmnunluq ifadə ediblər.