Özəl tibb müəssisələrinin onkoloji yardımı hansı qaydada həyata keçirəcəyinə aydınlıq gətirilib

Özəl tibb müəssisələrinin onkoloji yardımı hansı qaydada həyata keçirəcəyinə aydınlıq gətirilib.

Aznews.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Onkoloji yardım haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, hazırda onkoloji yardım ancaq ixtisaslaşmış dövlət tibb müəssisələrində həyata keçirilir.

Şöbə müdiri qeyd edib ki, qanunvericiliyə təklif olunan dəyişiklikdə onkoloji yardımın özəl müəssisələrində də göstərilməsi öz əskini tapıb: “Qanuna təklif olunan dəyişiklikdə onkoloji yardımın özəl tibb müəssisələrində hansı vəsait hesabına qarşılanması məsələsi də öz əksini tapıb. Özəl tibb müəssisələri təbii ki, bu xidməti ödənişsiz həyata keçirməyəcək. Eyni zamanda özəl tibb müəssisələri istəsə, könüllü şəkildə bu işi pulsuz həyata keçirə bilər. Təbii ki, könüllü sığorta sistemi işə düşəcək. Ən əsası isə pasiyentlər həmin müəssisənin rəhbərliyi ilə müqavilə bağlayaraq qarşılıqlı şəkildə razılıq əsasında müalicə və müayinə həyata keçirə bilərlər”.

Aznews.az