- Toplum
- 16:23
- 1 596
Bakının bu küçəsində narazılıq böyüyür: Bir neçə saniyəlik dayanma 80 manatdır
Hazırda paytaxt sakinlərinin ən çox narazılıq etdiyi qurumlardan biri də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). Son illər dayanma, durma və parklanma qaydaları ilə bağlı tətbiq edilən məhdudiyyətlər, eləcə də yüksək məbləğli cərimələr həm sürücülərin, həm də sıravi vətəndaşların ciddi narazılığına səbəb olub. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər, hər gün işə gedib-gələn insanlar, yaşlılar və xəstələr bildirirlər ki, artıq cərimələrdən yayınmaq bəzən normal hərəkət etməkdən daha çətin məsələdir. Ən çox müzakirə olunan məsələlərdən biri də bəzi küçələrdə real şərait nəzərə alınmadan tətbiq edilən dayanma və durma qadağalarıdır. Halbuki həmin ərazilərdə nəqliyyatın hərəkətinə ciddi maneə yaratmadan qısa müddətli minib-düşmə əməliyyatlarının aparılması mümkündür. Buna baxmayaraq, sürücülər 80 manat məbləğində cərimə və 2 cərimə balı ilə üzləşirlər.
AzNews.az xəbər verir ki, belə küçələrdən biri də Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsidir. Dörd hərəkət zolağından ibarət olan küçənin iki zolağı parklanma üçün ayrılıb. Qalan iki zolaqda isə sərnişinin minib-düşməsi belə 80 manat və 2 bal cərimə ilə nəticələnə bilir. Halbuki söhbət paytaxtın ən intensiv işgüzar ərazilərindən birindən gedir. Burada onlarla ofis, biznes mərkəzləri, klinikalar, hotellər, digər dövlət və özəl müəssisələr fəaliyyət göstərir. Parklanma yerləri isə günün əksər hissəsində dolu olur.
Nəticədə həmin ərazidə çalışan minlərlə insan çətin vəziyyətlə üzləşir. Taksi sifariş edən şəxs nəqliyyat vasitəsinə minmək üçün yüzlərlə metr məsafə qət etməli olur. Redaktor.az-ın redaksiyası da məhz bu küçədə yerləşir. Jurnalist fəaliyyəti isə çeviklik tələb edir. Bəzən təcili şəkildə tədbirə, brifinqə və ya konfransa getmək lazım gəlir. Vaxt itirməmək üçün çağırılan taksi isə küçədə saxlaya bilmədiyindən məcburən yaxınlıqdakı ara küçələrdən birinə keçir. Nəticədə vaxt qazanmaq əvəzinə, əlavə vaxt itkisi yaranır. Problem təkcə ofis əməkdaşları ilə məhdudlaşmır. Küçə boyunca fəaliyyət göstərən tibb müəssisələri də bu vəziyyətdən təsirlənir. Müayinədən və ya müalicədən çıxan, sağlamlıq problemi yaşayan insanlar taksi sifariş etsələr də, avtomobil onların olduğu yerə yaxınlaşa bilmir. Xəstə insanın əlavə məsafə qət edərək məhəllə aralarında dayanan taksiyə çatması isə həm fiziki, həm də mənəvi baxımdan ciddi narahatlıq yaradır.
Həmçinin vətəndaş Səməd Babayev redaksiyamıza şikayətində bildirib ki, məhz elə bu küçədə həyat yoldaşını işə yola salan zaman onu 2 bal, 80 manat cərimələyiblər. Səbəb isə 2-ci zolağa girməsidir. Ancaq bu küçədə 1-ci zolaq parkinq edilib. Məcbur vətəndaş 2-ci zolaqda maşın saxlamalı olub.
.png)
Belə olan halda sual yaranır: yol hərəkətinin təşkili və təhlükəsizliyin təmin edilməsi vacib olsa da, vətəndaşın rahatlığı, xüsusilə qısa müddətli minib-düşmə ehtiyacı niyə nəzərə alınmır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, burada problem təkcə sürücülərin və ya taksi sərnişinlərinin davranışı deyil, küçənin təşkilindəki uyğunsuzluqdur:
"Əhməd Rəcəbli küçəsi kimi ofislərin, biznes mərkəzlərinin və obyektlərin çox olduğu ərazilərdə yolun dörd zolağından ikisinin daimi parkinq kimi istifadə olunması onsuz da hərəkət imkanlarını məhdudlaşdırır. Qalan iki zolaqda da qısa müddətli minib-düşmə əməliyyatına görə 80 manat və 2 bal tətbiq olunanda insanlar faktiki olaraq çıxılmaz vəziyyətə düşür. Burada əsas sual budur: vətəndaş taksiyə harada minsin və ya harada düşsün? Əgər küçədə parkinq yerləri daim doludursa, yaxınlıqda xüsusi minib-düşmə cibləri yoxdursa, o zaman insanların yüzlərlə metr piyada getməsi tələb olunur ki, bu da praktik deyil. Həll yolu kimi biznes mərkəzlərinin qarşısında qısa müddətli minib-düşmə zonalarının yaradılması, parkinq yerlərinin bir hissəsinin günün müəyyən saatlarında taksilər və sərnişinlər üçün ayrılması, sıx ofis ərazilərində xüsusi taksi dayanacaqlarının təşkili və nəzarət zamanı qısa müddətli sərnişin düşürmə ilə uzunmüddətli dayanma arasında fərq qoyulması vacibdir. Yol hərəkətinin təhlükəsizliyi vacibdir, lakin qaydalar insanların gündəlik ehtiyaclarını da nəzərə almalıdır. Əks halda sürücü də, sərnişin də qaydanı pozmağa məcbur olur. Düzgün yanaşma cərimələrin artırılması deyil, insanların qanuni şəkildə minib-düşə biləcəyi şəraitin yaradılmasıdır".
AzNews.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda AYNA tərəfindən Bakı şəhərində minib-düşmə yerlərinin və taksi duracaqlarının yaradılması layihəsi icra edilməkdədir:
"Sözügedən ərazi də təhlil siyahısına daxil edilib. Onu da qeyd edək ki, minib-düşmə üçün ətrafda boş parklanma yerlərindən istifadə edilə bilər".
Qeyd edək ki, vurğuladığımız ünvanda iş yerlərinin çoxluğundan boş parklanma yerləri çox nadir hallarda olur.