- Müşahidə məntəqəsi
- 17:48
- 2 346
“Sığorta ödənişləri ilə bağlı narazılıqlar sektora etimadı zəiflədir” — Akif Nəsirli
"Sığorta haqlarının son illərdə artması müəyyən dərəcədə əhalinin sığortaya marağının və etimadının yüksəldiyini göstərsə də, belə artımı yalnız bununla izah etmək düzgün olmaz. Artımda icbari sığorta növlərinin əhatə dairəsinin genişlənməsi, iqtisadi aktivliyin artması, həmçinin inflyasiya və əmlakın, avtomobillərin, xidmətlərin bahalaşması da mühüm rol oynayıb. Qiymətlər yüksəldikcə sığortalanan risklərin dəyəri artır və nəticədə sığorta haqları da yüksəlir. Azərbaycan sığorta bazarının inkişafını məhdudlaşdıran əsas amillərdən biri əhalinin maliyyə savadlılığının və sığorta mədəniyyətinin yetərincə formalaşmamasıdı".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, Azərbaycanda sığorta sektorunda son illərdə müsbət dinamika müşahidə olunsa da, mütəxəssislər bazarın mövcud imkanlarından tam istifadə edilmədiyini bildirirlər. Rəsmi məlumatlara əsasən, 2022–2025-ci illər ərzində ölkədə yığılan sığorta haqlarının həcmi 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Eyni dövrdə sığorta ödənişlərinin məbləği də iki dəfədən çox çoxalıb. Buna baxmayaraq, sığorta penetrasiyasının 1,17 faiz səviyyəsində qalması sektorun inkişafı üçün hələ də geniş imkanların mövcud olduğunu göstərir.
A. Nəsirli bildirib ki, bir çox vətəndaş sığortanı risklərin idarə olunması mexanizmi kimi deyil, əlavə maliyyə yükü kimi qiymətləndirir.
"Bundan başqa, bəzi hallarda sığorta ödənişləri ilə bağlı narazılıqlar və müraciətlərin uzun müddətə baxılması sektora olan etimadın tam güclənməsinə mane olur. Sığorta penetrasiyasının aşağı qalmasının səbəbləri arasında gəlir səviyyəsinin məhdud olması da mühüm yer tutur. Əhalinin bir hissəsi gündəlik xərclərini prioritet hesab etdiyindən könüllü sığorta məhsullarına vəsait ayırmaqda maraqlı olmur. Eyni zamanda bazarda həyat, sağlamlıq və əmlak sığortası kimi məhsulların yayılma səviyyəsi hələ də inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır.
Ekspertlərin fikrincə, bazarın daha sürətli inkişafı üçün sığorta maarifləndirilməsinin gücləndirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, şəffaflığın artırılması və müştərilərin hüquqlarının daha effektiv qorunması vacibdir. Bu addımlar həm əhalinin etimadını artırmağa, həm də sığorta penetrasiyasının yüksəlməsinə kömək edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az