Pakistandakı partlayışda ölənlərin sayı 20 nəfərə çatdı

Həlak olanlar arasında hərbçilər də var

Pakistanın qərbində yerləşən Kvetta şəhərində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 48 nəfər isə yaralanıb.

Həlak olanlar arasında hərbçilər də var.

“Dawn” qəzetinin yaydığı məlumata görə, hadisə ərzaq mağazasında baş verib. Partlayıcı qurğu kartof kisəsinə qoyulub.

Kvetta şəhərinin polis nümayəndəsi Əbdül Rəzzak Çiman hücumun islamın şiə təriqətinə mənsub olan xəzərilərə qarşı yönəldiyini bildirib.

Hazırda partlayışın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər fəaliyyət göstərirlər. İnsidentlə bağlı təhqiqat başlayıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.(AZƏRTAC)

AzNews.az