Peruda matəm elan olundu

Peru hökuməti üç günlük milli matəm elan edib.

Peru hökuməti sabiq prezident Alan Qarsiyanın ölümü ilə əlaqədar ölkədə üç günlük milli matəm elan edib.

“El Peruano” qəzeti xəbər verir ki, aprelin 19-dək davam edəcək matəm zamanı ölkə ərazisində yerləşən bütün ictimai binalarda, hərbi obyektlərdə, gəmilərdə, polis məntəqələrində və digər dövlət müəssisələrində, həmçinin Perunun xaricdəki diplomatik nümayəndəliklərində milli bayraqlar endiriləcək. Hakimiyyət orqanları Alan Qarsiyanı cümə günü prezidentə layiq hörmət-izzətlə dəfn etməyi qərara alıblar.

KİV-də yayılan xəbərlərə görə, Peru polisi 1985-1990 və 2006-2011-ci illərdə ölkəyə rəhbərlik etmiş Qarsiyanın Limanın Miraflores rayonundakı evinə gələrək ona həbsinə dair orderi təqdim edib. Sabiq prezident vəkilinə zəng etmək adı ilə qonşu otağa keçərək başına güllə vurub. Polis əməkdaşları Qarsiyanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Alan Qarsiya Braziliyanın Odebrecht tikinti şirkətinin işi üzrə korrupsiyada şübhəli bilinirdi. Ötən ilin noyabrında məhkəmə onun 18 ay müddətində ölkədən çıxmasına qadağa qoymuşdu. İstintaqın fikrincə, sabiq prezident şirkət üçün əlverişli müqavilə bağlanmasına kömək müqabilində 100 min dollar ala bilərdi. Təqsirini inkar edən sabiq dövlət başçısı 2018-ci il noyabrın 17-dən dekabrın 3-dək Uruqvay səfirliyində gizlənmişdi. Lakin ona sığınacaq verilməsindən imtina olunmuş və bundan sonra Qarsiya səfirliyin iqamətgahını tərk etmişdi.(AZƏRTAC)

AzNews.az