Ukraynada da “dərin dövlət” var imiş

“Andiçməsi gecikir, prezident səlahiyyəti azalır, şirkətində axtarış gedir, onun üçün asan olmayacaq”

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Türkiyəyə istirahətə getdiyi vaxtda onun şirkətində yoxlamalar başlayıb. Zelenskinin “Kinokvartal” adlı şirkətində axtarışlar aparılır.

Şirkət barəsində Ukrayna Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bir çox şikayət daxil olub.

İdarənin rəhbəri Artyom Sıtnik bildirib ki, şikayətlərdən biri Zelenskinin ötən il çəkdiyi “Mən, sən və onlar” adlı filmdə müqaviləyə riayət etməməsi ilə bağlıdır.

“Əvvəlcədən müqavilədə filmin Ukrayna dilində çəkiləcəyi bildirilsə də, rusca çəkilib. Daha sonra dublyaj edilib. Məsələ ilə bağlı yekun qərarı məhkəmə verəcək”.

Zelenski prezident seçilmədən öncə aktyor olaraq fəaliyyət göstərib. Maraqlıdır ki, axtarışlar getdiyi zamanda gənc prezident istirahətə gedib.

Bu məlumatı özü facebook səhifəsində paylaşıb. O, uşaqlarını Türkiyədə hər ilk keçirilən festivallardan birinə apardığını bildirib.

Zelenski bunun son 4 ay ərzində ilk tətili olduğunu bildirib və Türkiyədə istirahətinin iki gün davam edəcəyini açıqlayıb.

Prezident seçkisində qalib gələn bir şəxsin həssas dönəmdə xüsusi dövlət mühafizəsi olmadan başqa ölkəyə səfəri qeyri-adi qarşılanıb.

Siyasi analitik Elxan Şahinoğlunun “Yeni Müsavat”a sözlərinə görə, Zelinski prezident səlahiyyətlərinin icrasına başlamamışdan artıq ciddi problemlərlə üzləşib.

Onun sözlərinə görə, ilk növbədə andiçmə mərasimi gecikir: “Mayın 27-nə qədər inauqurasiya mərasimini yubatmağa çalışırlar. O vaxta qədər Zelenski parlamenti buraxa bilər. Ondan sonra belə səlahiyyəti olmayacaq.

İndiki hakimiyyətin marağındadır ki, parlament buraxılmasın. Çünki Poroşenkonun Ukrayna Radasında fraksiyası var. Ona görə də Zelenskiyə çətin olacaq. Eyni zamanda parlamentdə müzakirələr başlayıb ki, prezident səlahiyyətləri azaldılsın, daxili siyasətə çox qarışa bilməsin, Təhlükəsizlik Komitəsi sədrini təyin etmək səlahiyyəti olmasın, yalnız xarici səfərlərə getsin".

Politoloqun fikrincə, Zelenskiyə hakimiyyət müəyyən problemlər yaratmağa başlayıb: “Ola bilsin ki, indi axtarış aparılan şirkətdə pozuntular var. Sadəcə, Ukraynada təmiz siyasətçi tapmaq çətindir. Zelenskini də Kolomovskinin adamı kimi qəbul edirlər, onun telekanalında geniş yer verilib.

Kolomovski onun “qara gözünə” aşiq olmamışdı. Əgər Kolomovski Ukraynaya qayıtsa, başqa siyasilərə problem yarana bilər.

Zelenskiyə qarşı baş verən bu hadisələrdən belə nəticə çıxır ki, Ukraynada da “dərin dövlət” var imiş və onlar yeni prezidentə əlavə problem yaradırlar. Birincisi, andiçmə gecikir, prezident səlahiyyəti azalır, şirkətində axtarış gedir. Ümumiyyətlə, hamı anlayır ki, Zelenski siyasətdə naşıdır. Onun seçki məntəqəsində bülleteni atarkən özünə səs verdiyini göstərməsi hamının yadındadır. İndi belədirsə, görün andiçmədən sonra Zelenski üçün hansı problemlər meydana çıxacaq. Çünki tək Poroşenko deyil, Ukraynanın Rusiya ilə siyasətinin bu cür qalmasını istəyənlər var. Bu halda Zelenski Moskvaya yaxın getsə, Putin onu tələyə salacaq, millətçiləri ayağa qaldıracaq. Artıq Putin Donbasda pasport paylamağa başlayıb".

Ekspert hesab edir ki, Zelenskinin siyasətçi kimi hər hansı ciddi addımını görməyib: “Mən hələ ki onu şoumen olaraq görürəm. Ukrayna kimi mürəkkəb bir vəziyyətdə olan ölkədə onun idarəçiliyinin necə olacağını zaman göstərəcək. İnsanlar, investorlar ölkəni tərk edir, korrupsiya ilə mübarizə hələ tam effekt vermir, hər kəs Ukraynadan öz payını götürməyə çalışır, bu halda Zelenskinin işi ağır olacaq”.

Qeyd edək ki, 2017-ci ildə şoumenin rəhbərlik etdiyi “Kvartal Studiyası-95" şirkətinin vəkili ”Xalqın xidmətçisi" siyasi partiyasını qeydiyyatdan keçirib.

2018-ci il yerini 2019-a verəndə isə digər kanallar prezident Poroşenkonun xalqa təbrikini yayımlayarkən, “1+1" telekanalı Zelenskinin prezidentlik sevdası haqda çıxışını təqdim edib.

Bu ilin 21 yanvar tarixində isə Vova sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu gün Zelenskinin Ukraynada bir neçə evi, torpaq sahələri var.

Hətta xanımı ilə birgə Britaniyada mənzil də alıblar. Zelenski cütlüyü bahalı saatları, zinət əşyalarını çox sevir.

Üstəlik bir neçə şirkətin, qiymətli sənədlərin sahibidirlər. Elə tək 2017-ci ildə xalqın qulunun gəliri 1 milyon yarım qrivenə bərabər olub.

Poroşenko isə şoumen rəqibini uzun müddət oliqarx İqor Kolomoyski ilə sıx münasibətdə ittiham edərək onu “Kolomoyskinin marioneti” adlandırmaqdan çəkinmir. Zelenski ittihamlara belə cavab verir:

“Bəzi KİV-lər cənab Kolomoyskidən asılılığımı dilə gətirirlər. Bizi birləşdirən bir dəyər var, o da Kolomoyskinin ”1+1" kanalında çalışmağımdır.

Kanalda işləməyimi də tam qeyd edə bilmərəm. Çünki “Kvartal- 95" studiyası sadəcə ”1+1" kanalına hazır məhsul satır. Mənim Kolomoyski adlı sahibim yoxdur".

Son günlər yerli mediada tanınmış şoumenin Bakı və Qəbələyə səfərləri ilə bağlı da fotoşəkillər yayılıb. Məlumat üçün bildirim ki, o, 2017-ci ildə Bakıya, 2018-ci ildə isə komandası ilə birgə Qəbələyə səfər edib.

Vəndam kəndini işarə verən lövhənin qarşısında, lüləkababla, Əliağa Vahidin abidəsi, Qobustan qaya daşları və digər tarixi dəyərlərimizlə olan fotoları da həmin səfərlərdəndir. (Musavat.com)