“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf

Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq

PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb.

AzNews.az xəbər verir ki, "Anadolu Agentliyi"nin təhlükəsizlik qurumlarına istinadla yaydığı məlumata görə, PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında bildirib. Terrorçu qadın deyib: “Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşdük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”.

Beləliklə, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri bir daha təsdiqini tapıb. Əslində Ermənistan tərəfinin İraqın şimalındakı PKK terrorçularından yardım istəməsi ilə bağlı dəfələrlə informasiyalar yayılıb. Hazırda Türkiyənin apardığı sistemli antiterror əməliyyatları nəticəsində çox sayda canlı qüvvə itirməsinə baxmayaraq, PKK Ermənistanın yardım istəyinə cavab verib.

Qeyd edək ki, Ermənistan tərəfi otuz ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan torpaqlarında bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərə nəzarət etdiyi dövrdə işğal altındakı torpaqlarda terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.