“Bayden 80 milyon səs yığmayıb, inanmıram”

Lazım gələrsə, bu işi Ali Məhkəməyə aparacağıq

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçkilərdən sonra ilk müsahibəsini “Fox News”a verib.

AzNews.az xəbər verir ki, Tramp noyabrın 3-də keçirilən 59-cu prezident seçkilərində “Demokratlar”ın saxtakarlığa yol verdiyini iddia edib.

“Bu mövzuda fikrimi dəyişə bilməzsiniz, fikrim 6 ay da dəyişməyəcək: seçkilərdə ciddi bir fırıldaqçılıq oldu”, -deyə Tramp sözlərinə əlavə edib.

O, xüsusi olaraq Pensilvaniya ştatındakı seçki nəticələrinə toxunaraq saxtakarlıqla bağlı məhkəməyə müraciətlərin rədd edilməsindən şikayətlənib:
“Lazım gələrsə, bu işi Ali Məhkəməyə aparacağıq. Ali Məhkəmə bunu qəbul etməlidir”.

Sübutlarının olduğunu dilə gətirən Tramp bu dəlillərin məhkəmələrdə qəbul edilmədiyini və hakimlərin qərəzli olduğunu vurğulayıb.

Hazırkı ölkə başçısı Federal Təhqiqat Bürosunun (FTB) bir müddət ölkədəki seçki pozuntularında iştirak etməsinin vacibliyini bildirib.

Tramp “Respublikaçılar” 3 noyabr seçki nəticələrinə etiraz etməsələr, bir “Respublikaçı” prezidentin bundan sonra Ağ Evə girməsinin çox çətin olacağını ifadə edib.

“Co Bayden 80 milyon səs yığmadı, buna inanmıram”,- deyə Tramp bildirib.

O, bəzi xarici liderlərin ona zəng etdiyini və seçki nəticələrini dəstəklədiklərini söyləyib. Tramp da bu liderlərin ABŞ-dakı 3 noyabr seçkilərinin indiyə qədər gördükləri ən pis seçki olduğunu söylədiklərini iddia edib.