Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Biz köhnə tənzimlənməyə qayıdırıq

Pandemiya ilə əlaqədar Latviyada tətbiq olunan fövqəladə vəziyyət rejimi yanvarın 11-dək uzadılıb.

AzNews.az “TASS”a istinadən bildirir ki, müvafiq qərar respublika hökumətinin və Böhran İdarəçiliyi Şurasının birgə iclasında qəbul edilib.

İclasın yekunları üzrə Baş nazir Krişyanis Karinış jurnalistlərə açıqlamasında bildirib ki, Latviyada koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir. Bununla əlaqədar olaraq, hökumət insanlar arasında kontaktı azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün fövqəladə vəziyyət rejimini uzatmaq və məhdudiyyətləri sərtləşdirmək məcburiyyətindədir.

“Bu gün qəbul edilmiş qərarlardan əsası - fövqəladə vəziyyətin yanvarın 11-dək uzadılmasıdır. Biz köhnə tənzimlənməyə qayıdırıq – “iki nəfər - 2 metr”. Biz insanlar arasında təmasları maksimal dərəcədə məhdudlaşdırırıq”, - deyə o bildirib.

Latviya hökuməti, həmçinin qüvvədə olan məhdudiyyətləri sərtləşdirmək və ona əlavələr etmək qərarına gəlib. Nazirlər Kabinetinin qərarına əsasən, tibbi maskaları bundan sonra bütün məkanlarda, o cümlədən işdə də taxmaq lazım olacaq. Latviyada, həmçinin özəl tədbirlərin keçirilməsi qadağan olunur, insanlar yalnız bir ev daxilində görüşə bilərlər. Bundan başqa, ticarət üzrə əlavə məhdudiyyətlər tətbiq edilir və istirahət günləri yalnız ilkin zərurət obyektləri (ərzaq mağazaları, gigiyenik və təsərrüfat malları mağazaları, yanacaqdoldurma məntəqələri, apteklər) fəaliyyət göstərəcək.