“Sendero Luminoso” terror qruplaşmasının qurucusu Peru həbsxanasında ÖLDÜ

86 yaşlı A.Qusmanın ölümünə səhhətindəki problemlər səbəb olub

Peruda “Sendero Luminoso” solçu radikal terror təşkilatının qurucusu Abimael Qusman bu gün həbsxanada ölüb.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.

86 yaşlı A.Qusman, yerli vaxtla, təxminən 06:40-da “Callao” Donanmasının bazası ərazisində yerləşən ciddi rejimli həbsxanada dünyasını dəyişib.

Ölümünə səbəb səhhətindəki problemlər olub.

Qeyd edək ki, Qusman 1992-ci ilin sentyabrında tutulub və ömürlük həbs cəzasına məhkum edilib.

1980-ci ildən bəri “Sendero Luminoso” təşkilatının Peruda törətdiyi terror aktları nəticəsində 60 mindən çox insan ölüb. Ölkəyə vurulan maddi ziyanın 25 milyard dollar olduğu təxmin edilir. Qusmanın həbsindən sonra qrup nüfuzunu itirməyə başlayıb, lakin son illərdə ekstremistlərin kiçik qrupları Peru ordusuna və hüquq-mühafizə orqanlarına hücumlarını davam etdirir.