İsrail İranla müharibənin nəticələri barədə məlumat yayıb

İranın hücumları nəticəsində İsraildə 28 nəfər həyatını itirib, 1 472 nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman açıqlama verib.

Onun sözlərinə görə, müharibə başladığı gündən indiyədək İsrail ərazisinə təxminən 550 raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsinə dəymiş ziyanla bağlı 38 700 müraciət daxil olub, 15 500-dən artıq şəxs isə yaşayış yerini itirib.

Gendelman əlavə edib ki, münaqişə dövründə ölkənin hava məkanı bağlanıb və 150 minə yaxın insan evinə geri dönə bilməyib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib. İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

AzNews.az