Tədris ili başa çatdı

Tədris ili başa çatdı və uşaqları qarşıda iki aylıq yay tətili gözləyir. Bu dövr onların yalnız istirahət etməsi üçün deyil, eyni zamanda fərdi inkişafı, maraq dairəsinin genişlənməsi və daxili motivasiyasının güclənməsi üçün də bir fürsətdir. Yay tətili düzgün planlaşdırıldıqda uşaqlar həm psixoloji cəhətdən rahatlaşır, həm də passiv və ya zərərli vərdişlərə yönəlmək əvəzinə öz bacarıqlarını kəşf edirlər.

Əvvəllər yay tətili uşaqlar üçün kənd həyatı ilə birbaşa əlaqəli idi. Böyük ailə modeli vardı – nənə-baba kənddə yaşayır, uşaqlar da tətildə ora üz tuturdu. Bu, təkcə əyləncə deyil, həm də dəyərli bir həyat məktəbi idi. Uşaq təbiətlə təmasda olurdu, əmək vərdişləri qazanırdı, təbii olaraq nizam-intizam, məsuliyyət, paylaşmaq və gözləməyi öyrənirdi. İndi isə bu ənənə get-gedə zəifləyir. Kəndlərdə nənə-baba yaşayan evlərin sayı azalıb, valideynlər işləyir, şəhər həyatı getdikcə daha təcrid olunmuş və virtual məkanda cərəyan edən formaya çevrilib.

Belə bir şəraitdə xüsusilə şəhər mühitində yaşayan ailələr üçün övladlarını düzgün yönləndirmək daha da önəmli olur. Tətil dövründə uşaqların məşğulluğunu təmin etmək, onları yalnız ekrana baxmaqdan xilas etmək, gündəlik fəaliyyətlərə uyğun olaraq fiziki və zehni olaraq hərəkətə gətirmək lazımdır.

Valideynlər bəzən bu dövrü də yeni dərs ilinə hazırlıq dövrü kimi görürlər və uşaqları repetitor yanına, kurslara yönəldirlər. Bu isə uşaqlarda təhsilə qarşı qıcıq, öyrənməyə qarşı yorğunluq və bəzən hətta narazılıq yaradır.
Halbuki yay dövründə öyrənmək də mümkündür, sadəcə bu öyrənmə qeyri-formal şəkildə, oyun və təcrübə əsaslı olmalıdır.

Məsələn, uşağa deyə bilərik ki, ailə səyahətimizin bələdçisi sən ol – xəritə hazırla, xərcləri sən hesabla, gördüklərinlə bağlı gündəlik yaz. Və ya bir kitab oxuyub onun haqqında qısa video çəksin. Bu həm bacarıqdır, həm də maraqlıdır. Uşaq dərk etmədən öyrənir – və bu, ən effektli üsuldur.

Təbiətlə təmas uşağın emosional və sosial inkişafı üçün çox vacibdir. Həyatla, torpaqla, canlılarla təmasda olan uşaq daha səbirli, müşahidəçi və məsuliyyətli olur. Təbiət həm də stressi azaldır, diqqəti artırır. Bağçılıq, gəzinti, təbiət müşahidəsi – bütün bunlar uşağın zehnini açır, yaradıcılığını inkişaf etdirir. Şəhərdə yaşayan ailələr üçün isə bu imkanlar parklar, botanika bağları, heyvanat bağları və ya şəhərdaxili ekoloji proqramlarla təmin edilə bilər.

Bundan əlavə, yay düşərgələri, yay məktəbləri və incəsənət və ya idman kursları da uşaqların həm sosiallaşması, həm də maraq dairəsinin genişlənməsi üçün əvəzolunmazdır. Əsas odur ki, uşaq özü istəsin, və bu fəaliyyətlər onun maraqlarına uyğun seçilsin.
Valideynlərə tövsiyə edərdim ki:

Yay üçün sərt olmayan, amma planlı bir cədvəl tərtib etsinlər.

Uşaqlara seçim haqqı versinlər – yönləndirsinlər, amma məcbur etməsinlər.

Uşaqları yalnız passiv istirahətə deyil, həm də yaradıcılığa və əmək fəaliyyətinə cəlb etsinlər.

Özləri də nümunə olsunlar – uşaqlar valideynlərdən daha çox görərək öyrənir.

Unutmayaq ki, yay tətili gələcək şəxsiyyətin formalaşmasında mühüm rola malikdir. Biz bu dövrdə uşağa kitabdan daha çox həyatla əlaqə, ətrafı müşahidə etmək, maraq duymaq, sual vermək və təcrübə toplamaq fürsəti versək, onlar məktəbə daha istəkli, daha hazır və daha balanslı şəkildə dönəcəklər.

Günay Əkbərova,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü