Meksika prezidenti Şeynbaum Kubaya dəstəyini ifadə edib

Meksikanın Milli Sarayında keçirilən mətbuat konfransında çıxış edən ölkə prezidenti Klaudia Şeynbaum, ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyaların Meksikaya aid olmadığını bildirib.

Şeynbaum Meksikanın Kuba ilə tarixi və möhkəm əlaqələrə malik olduğunu xatırladaraq deyib:

“Birincisi, biz bunu suveren dövlət olaraq hüquqi çərçivə daxilində edirik. İkincisi isə ölkəmizin Kubaya keçmişdən bəri göstərdiyi dəstəyi davam etdiririk”.

Kubanı uzun müddətdir əhatə edən elektrik kəsintilərinin yüngülləşdirilməsi məqsədilə 80 min barel yanacaq göndərildiyi barədə xəbərləri təsdiqləyən Şeynbaum qeyd edib:

“Bu tamamilə qanunidir və Kuba ilə uzun illərdir davam edən bir praktikanın tərkib hissəsidir. Meksika–Kuba münasibətləri tarixi xarakter daşıyır. Meksika Amerika Dövlətləri Təşkilatında blokadanın ilk mərhələsində ona qarşı çıxan yeganə ölkə olub. Buna görə də siyasi partiya fərqindən asılı olmayaraq Meksika ilə Kuba arasında hər zaman münasibətlər mövcud olub. Bu, yeni bir vəziyyət deyil”.

Yerli mətbuatın məlumatına görə, ötən həftə Meksikadan yola çıxan və ümumilikdə 80 min barel neft daşıyan iki tanker elektrik kəsintilərinin azaldılmasına dəstək məqsədilə Kubaya çatıb.

Sözügedən gəmilər, ölkənin bir çox bölgəsində gündə 20 saatdan çox elektrik kəsintisinin yaşandığı və Venesueladan neft tədarükünün gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə Kubaya yanacaq yardımı göstərib.

Mövsüm,

AzNews.az