“Müharibə qlobal biznes mexanizminə çevrilib” - Həşim Səhrablı

“Orbanın bu fikirləri əslində heç kim üçün yeni deyil, yenilikçi və ya fərqli düşüncə də sayılmır. Çünki tarix boyu müharibələrdən, xüsusilə sənaye inkişafından və hərbi-texniki sənaye inqilablarından sonra ən çox qazanan tərəflər həmişə eyni olub. Bunlar silah istehsalçıları, bankirlər, iri transmilli şirkətlər və siyasətçilərdir. Hətta demək olar ki, bugünkü siyasətçilərin böyük əksəriyyəti məhz bu qruplarla sıx əlaqədədir; onların maliyyə və lobbi dəstəyi hesabına siyasi karyeraları yüksəlib və yüksək postlara qədər irəliləyiblər. Bu mənada, müharibələrin uzanması bugünkü idarəetmə mexanizmlərinin az-çox əsasını təşkil edən sistemli problemlərdən biridir. Bəs Orban konkret olaraq kimi işarə edir? Bu suala cavab vermək üçün ilk növbədə Ukrayna müharibəsində kimlərin qazandığına baxmaq lazımdır. Rusiya silah sənayesi bu müharibədən qazanc əldə edirmi? Şübhəsiz ki, bəli".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişənin uzanmasında müəyyən siyasətçilərin, silah istehsalçılarının və maliyyə dairələrinin maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, bu qruplar müharibədən həm siyasi, həm də iqtisadi dividendlər əldə edir və məhz bu səbəbdən münaqişənin tez bir zamanda başa çatmasında maraqlı deyillər. Orban qeyd edib ki, mövcud vəziyyət göstərir: müharibə təkcə cəbhədə deyil, eyni zamanda siyasi və iqtisadi müstəvilərdə də aparılır. Baş nazirin fikrincə, silah tədarükünün davam etməsi və maliyyə axınlarının müharibə fonunda artması bəzi dairələr üçün gəlir mənbəyinə çevrilib.

Siyasi şərhçi qeyd edib ki, müharibənin ilk mərhələlərində Rusiya silah sənayesində ciddi çatışmazlıqlar müşahidə olunurdu.

"Lakin zamanla müharibə təcrübəsi bu sahənin uyğunlaşmasına və yenidən strukturlaşmasına imkan verdi. Bu gün Rusiya silah sənayesi müəyyən mənada yeni mərhələyə qədəm qoyur. Böyük silah şirkətləri dövlətdən ciddi sifarişlər alır, həmçinin Rusiyanın tərəfdaş ölkələri müharibədə sınaqdan çıxmış silahlara xarici müştəri və investor kimi daha çox maraq göstərməyə başlayıblar. Digər qazanan tərəf isə ABŞ və ümumilikdə Qərbdir. Xüsusilə Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin NATO mexanizmi vasitəsilə Ukraynaya verdiyi silahların maliyyə qarşılığını artıqlaması ilə geri aldığı iddia olunur. Qərb ölkələrinin silah istehsalçıları və bankları da bu prosesdən ciddi gəlir əldə edirlər. Burada bəzi hallarda texnoloji şirkətlərin də prosesə cəlb olunduğunu görmək mümkündür. Ukraynaya göstərilən yardımların hamısı təmənnasız deyil. Əksinə, bu yardımların əhəmiyyətli hissəsi kredit və geriödəmə şərtləri ilə təqdim olunur. Bu vəsaitlər əsasən Qərb ölkələri və ABŞ tərəfindən verilir. Ukrayna həmin vəsaitlərlə yenidən silah alır və bu silahların əsas tədarükçüləri də Qərb və Amerika şirkətləri olur. Nəticədə, Ukraynaya kredit şəklində ayrılan pullar faiz və digər maliyyə mexanizmləri vasitəsilə yenidən Qərb ölkələrinin və transmilli silah şirkətlərinin aktivlərinə yazılır. Bu prosesdə Ukrayna borclanır, Qərb isə həm köhnə və istifadəsiz silah ehtiyatlarını realizə edir, həm də bunun müqabilində verdiyi vəsaiti müxtəlif yollarla geri qaytarır. Məhz Orbanın işarə etdiyi əsas qazanan tərəflər bu kontekstdə belə şərh oluna bilər. Müharibədə kimin birbaşa günahlandırılması məsələsinə gəldikdə isə, Orbanın mövqeyi zamanla dəyişib. Bayden administrasiyası dövründə o, ABŞ-ı daha çox tənqid edirdi. Bu gün isə müharibənin uzanmasında əsas məsuliyyəti Qərbi Avropa dövlətlərinin üzərinə qoyur. Bu yanaşmanın nə dərəcədə doğru və ya yanlış olduğu mübahisəlidir və böyük ölçüdə Orbanın siyasi baxışlarından qaynaqlanır. Lakin ümumi nəticə olaraq demək olar ki, Orbanın hazırkı mərhələdə əsas günahlandırdığı tərəf Qərbdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az