- Müşahidə məntəqəsi
- 21:05
- 1 136
“Alimlik dərəcəsi artıq perspektivli sayılmır” - Ramin Nurəliyev
“Hazırda ölkəmizdə alimlik dərəcəsi, xüsusilə də yaşlı təbəqə üçün, o qədər də perspektivli hesab edilmir. Bunun əsas səbəbi ondan ibarətdir ki, sovet düşüncə tərzi və sovet nəzəri yanaşması ilə alimlik dərəcəsi almış şəxslərin bir qismi müasir texnologiyalar, çağdaş tədqiqat metodları, yeni elmi sistemlər, texnoloji avadanlıqlar, süni intellekt və ümumilikdə beynəlxalq elmi praktikaların tətbiq etdiyi qaydalar barədə yetərli məlumata malik deyil. Əlbəttə, bunu bütün alimlərə şamil etmək olmaz, lakin müəyyən, hətta böyük bir qismi üçün bu mənzərə xarakterikdir. Xüsusilə ali təhsil müəssisələrində tədris prosesini həyata keçirən alimlərin yarıdan çoxunun fəaliyyəti qənaətbəxş hesab edilə bilməz. Onlar əsasən yalnız nəzəri biliklərə əsaslanır, praktik biliklərdən isə demək olar ki, xəbərsizdirlər. Bu səbəbdən tələbələrə də müasir tələblərə cavab verən bilik və bacarıqlar ötürməkdə çətinlik çəkirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev çıxışında “alim” adının yalançı alimlərdən qorunmasının vacibliyini vurğulayıb. Nazir bildirib ki, bu adın layiq olmayan şəxslərə verilməsi elmi mühitin keyfiyyətinə zərər verir və gələcək nəsil tədqiqatçılar üçün düzgün nümunə yaratmır. O, həmçinin qeyd edib ki, alim adının qorunması elmi fəaliyyətin şəffaflığının və ciddiliyinin təmin olunması üçün mühüm addımdır.
Ekspert qeyd edib ki, gənc tədqiqatçılar və gənc alimlər müasir dövrün tələblərinə daha yaxşı uyğunlaşdıqları üçün onlardan gələcək baxımından daha böyük ümidlər gözlənilir.
"Hesab edirəm ki, gənc alimlərin önünün açılması mütləqdir. Həm ali təhsil müəssisələrində, həm də Elm və Təhsil Nazirliyi tərəfindən onlar üçün xüsusi şərait yaradılmalıdır. Hazırda ölkəmizdə tədqiqat fəaliyyəti, alimlik dərəcələrinin əldə olunması və beynəlxalq elmi məqalələrin yazılması sahəsində ciddi problemlər mövcuddur. Bu səbəbdən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin, alim və dosentlərin böyük bir qismi bu istiqamətdə yetərli təcrübəyə malik deyil. Arzuolunan olardı ki, Elm və Təhsil Nazirliyi nəzdində tədqiqat fəaliyyəti, alimlik dərəcələri və elmi məqalələrin yazılması istiqamətində ixtisaslaşmış elmi araşdırma mərkəzi yaradılsın. Alimlər və gənc tədqiqatçılar həmin mərkəzdə mütəmadi olaraq fəaliyyət göstərərək elmi araşdırmalarla, məqalə yazılışı, tədqiqat metodologiyası, elmi kəşflər üzərində işləsinlər. Bu, həm daha səmərəli, həm də daha əlverişli olardı. Həftənin müəyyən günlərində alim və gənc tədqiqatçıların bu mərkəzə cəlb olunması onların bir-birinə dəstək verməsinə, təcrübə mübadiləsi aparmasına və ölkənin elmi gələcəyi üçün mühüm addımlar atmasına şərait yaradardı. Nəticədə daha çox elmi dərəcə əldə edilər, daha çox beynəlxalq məqalə nəşr olunar və elmi araşdırmaların həcmi artar. Bu istiqamətdə artıq konkret addımlar atılmalıdır. Gənc alimlər üçün mütləq şəkildə maddi dəstək mexanizmləri formalaşdırılmalıdır. Tədqiqat fəaliyyəti, elmi ixtiralar, kəşflər və məqalələrin hazırlanması maliyyə vəsaiti tələb edir və bu vəsait dövlət tərəfindən dəstəklənməlidir. Beynəlxalq təcrübə də bunu açıq şəkildə göstərir. ABŞ-da və Avropanın bir çox ölkələrində elmi araşdırma mərkəzləri mövcuddur və gənc alimlərin həmin mərkəzlərdə fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılıb. Belə mərkəzlərin formalaşdırılması ölkəmizdə də alimlərin sayının artmasına, elmi potensialın inkişafına və tədqiqatlar üçün real şəraitin yaranmasına səbəb olar. Fikrimcə, hazırda Azərbaycanda buna çox böyük ehtiyac var. Gənc alimlərin inkişafı istiqamətində Elm və Təhsil Nazirliyi, Elmlər Akademiyası və digər müvafiq dövlət qurumları daha aktiv mövqe nümayiş etdirməli, onlara həm maddi, həm də mənəvi dəstək göstərilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az