“Avropanın təbliğatı qlobal gərginliyi artırır” - Azad Məsiyev

“Rusiya-Ukrayna münaqişəsinin əsas oyunçularından biri Böyük Britaniya ilə Polşadır. Xatırlatmaq lazımdır ki, Boris Conson dəfələrlə Ukraynaya səfər edərək Prezident Volodimir Zelenskini təhrik edib və 2015-ci ildə Minsk Razılaşmasından çıxmasına təsir göstərib. Nəticədə Rusiya-Ukrayna münaqişəsi başladı və hazırda Avropa İttifaqı və Böyük Britaniya bu münaqişənin uzanmasında maraqlıdır. Bir sıra çağırışlar da oldu. Hətta Amerika Birləşmiş Ştatlarının indiki Prezidenti Donald Trampın 28 maddədən ibarət sülh planı tənqid olunaraq 20 maddəyə endirildi. Eyni zamanda Avropa İttifaqı Rusiyaya qarşı psixoloji müharibə aparır və Ukraynanın mümkün hərəkətlərinə dair təbliğatlar yayır. Bu təbliğatlar Rusiya ilə Avropada yeni toqquşma risklərini vurğulayır. Bugünlərdə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyatı məlumat yayıb ki, Avropa dövlətləri NATO təşkilatını Rusiya ilə savaşa sürükləmək niyyətindədir. Eyni zamanda Gürcüstanın Baş Naziri bildirib ki, Avropa İttifaqı ölkəsini təzyiq altında saxlayaraq Rusiya ilə ikinci cəbhəni açmağa vadar edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Macarıstanın Baş Naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişənin uzanmasında bəzi siyasətçilər, silah istehsalçıları və bankirlər maraqlıdır. Onun sözlərinə görə, bu qruplar müharibədən həm siyasi, həm də iqtisadi fayda götürürlər. Orban əlavə edib ki, münaqişənin həlli yalnız atəşkəs elan etməklə kifayətlənməməli, uzunmüddətli və davamlı sülhü təmin etməlidir.

Siyasi şərhçi qeyd edib ki, Avropa İttifaqı və Böyük Britaniya münaqişənin uzanmasında fəal iştirak edir və bu proses yalnız Ukrayna ilə məhdudlaşmır, həm də NATO təşkilatının Rusiyaya qarşı hərbi qarşıdurmaya cəlb olunma riskini artırır.

"Macarıstanın Baş Naziri bu vəziyyətin böyük faciələrə yol aça biləcəyini vurğulayıb və Avropa İttifaqının bu münaqişədəki fəaliyyətini tənqid edib. Rusiyanın Avropadakı 300 milyard dollar dəyərində aktivlərinin dondurulması və Ukraynaya yönəldilməsi məsələsi də potensial olaraq daha böyük münaqişəyə səbəb ola bilər. Macarıstanın Baş Nazirinin bəyanatları bu baxımdan sos siqnal kimi qiymətləndirilir və Avropa İttifaqının rəhbərliyinə yönəlmiş xəbərdarlıqdır. Hazırda Avropa kütləvi informasiya vasitələri Rusiya-Ukrayna münaqişəsinin qlobal miqyasda genişlənməsinin təbliğatını aparır. Hətta Estoniya, Latviya və Litva ölkələrində Rusiya pilotsuz uçuş aparatlarının və təyyarələrinin hava məkanını pozması, eləcə də Polşa ərazisinə keçməsi barədə beynəlxalq ictimaiyyətə məlumat verilir. Rusiya rəsmi mənbələri isə dəfələrlə bəyan edib ki, ölkənin pilotsuz uçuş aparatları və təyyarələri bu ölkələrin ərazisinə daxil olmur. Beləliklə, Avropa İttifaqının psixoloji təbliğatı və təxribatçı fəaliyyəti üçüncü dünya müharibəsi riskini artırır. Macarıstanın Baş Naziri bu çağırışları ilə gələcək faciəyə dair öncədən xəbərdarlıq verib. Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı və Böyük Britaniyanın fəaliyyəti münaqişənin daha da genişlənməsinə və nüvə silahlarının istifadə ehtimalının artmasına səbəb ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az