Media şirkətləri süni intellekt xülasələri və çatbotların istifadəsi ilə istehlakçıların internetdən istifadə vərdişlərinin dəyişdiyini qeyd edir və növbəti üç il ərzində saytlarına onlayn veb trafikin kəskin azalacağını gözləyirlər.
Aznews.az xəbər verir ki, Reuters Jurnalistika Araşdırmaları İnstitutunun 51 ölkədən 280 media lideri ilə apardığı yeni hesabatda, qlobal media rəhbərlərinin axtarış sistemlərindən gələn trafikdə üç il ərzində 43% azalma olacağından narahat olduqları bildirilib. Hesabata görə, Google axtarışı artıq qlobal miqyasda 33% azalıb, ABŞ üçün isə bu rəqəm daha yüksəkdir.
Hesabatda həmçinin qeyd olunur ki, "Google"ın süni intellekt icmalları artıq ABŞ-də axtarış nəticələrinin təxminən 10%-ni təşkil edir və sürətlə digər ölkələrdə də yayılmaqdadır.
Qısa video və audio məzmunun populyarlığı artdıqca, media şirkətləri jurnalistlərini YouTube və TikTok kimi platformalarda kontent yaradıcısı kimi fəaliyyət göstərməyə təşviq etməyi planlaşdırır. Sorğuda iştirak edən menecerlərin dörddə üçü 2026-cı ildə işçilərinin yaradıcı fəaliyyətini artırmaq niyyətində olduqlarını, yarısı isə yaradıcılarla əməkdaşlıq edərək məzmunlarının yayılmasına dəstək verəcəklərini bildirib.
AzNews.az