KİV: Bundesverin hərbçilərinə qəfil Qrenlandiyanı tərk etmək əmri verilib

Almaniyanın Qrenlandiyada olan hərbçiləri bazar günü səhər gözlənilmədən Berlindən adanı təcili tərk etmək əmri alıblar.

Aznews.az xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

"Admiral Ştefan Pauli başda olmaqla 15 əsgər və zabit artıq Nuuk hava limanındadır və "Icelandair" aviaşirkətinin təyyarəsi ilə adanı tərk etməlidirlər" , - məlumatda bildirilib.

Qeyd olunub ki, Bundesverin qabaqcıl qrupu Almaniya hakimiyyətindən qəfil gedişin hər hansı əsaslandırılmasını almayıb.

"Ərazidə planlaşdırılan bütün tədbirlər ləğv edilib. Həm də heç bir rəsmi bəyanat verilməyib, hər şey məxfilik şəraitində edilir" , - məlumatda vurğulanıb.

Daha əvvəl Bundesver əsgərlərinin Qrenlandiyada daha uzun müddət qalacaqları gözlənilirdi. Onların adanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya görə Almaniya və bir neçə digər Avropa ölkələrinə əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı təhdidindən sonra tərk etdikləri istisna olunmur.