Sarı dənizdə ABŞ-Çin hərbi gərginliyi: Pekin qırıcılarını havaya qaldırdı

“United States Forces Korea” (USFK) qüvvələrinin Sarı dəniz üzərində həyata keçirdiyi uçuş fəaliyyətindən sonra Çin ordusu da öz döyüş təyyarələrini havaya qaldırıb.

Məlumata görə, Sarı dəniz üzərində ABŞ və Çinə məxsus hərbi təyyarələr arasında diqqətçəkən hərəkətlilik müşahidə olunub. Cənubi Koreya mətbuatının təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərlərdə bildirilir ki, USFK-nın bölgədəki uçuş fəaliyyətinə cavab olaraq Çin tərəfi qırıcılarını havalandırıb.

Bildirilib ki, USFK tərkibində olan bir neçə ədəd F-16 qırıcısı çərşənbə günü Pyeongtaek şəhərində yerləşən Osan Hərbi Hava Bazası-ndan havaya qalxıb.

Təyyarələrin Sarı dənizin beynəlxalq sularında uçuş həyata keçirdiyi və Cənubi Koreya ilə Çinin hava hücumundan müdafiə tanıma zonaları (ADIZ) arasında yerləşən əraziyə yönəldiyi qeyd olunub. Bundan sonra Çin ordusunun da döyüş təyyarələrini havaya qaldırdığı bildirilib.

Baş verən gərginliyə baxmayaraq, tərəflər arasında hər hansı bir birbaşa təmas və ya toqquşma qeydə alınmayıb. Mənbələr USFK-nın uçuşdan əvvəl Cənubi Koreya ordusuna məlumat verdiyini, lakin təlimin miqyası və məqsədi barədə ətraflı açıqlama təqdim etmədiyini qeyd edib.

Cənubi Koreya Müdafiə Nazirliyi və USFK rəsmiləri hadisə ilə bağlı geniş şərh verməkdən çəkiniblər. Nazirlik rəsmilərindən biri bildirib ki, USFK Cənubi Koreya ordusu ilə birlikdə güclü birgə müdafiə mövqeyini davam etdirir və ABŞ qüvvələrinin iştirak etdiyi əməliyyatlar Seul tərəfindən ayrıca təsdiqlənmir.

Hadisənin Vaşinqtonun Çinə qarşı bölgədəki müttəfiqlərinə daha çox təhlükəsizlik məsuliyyəti verməyi planlaşdırdığı və USFK-nın rolunun yenidən nəzərdən keçirildiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.

Sarı dənizdə baş verən son hadisə ABŞ-Çin rəqabətinin hərbi müstəvidə də həssas balans üzərində davam etdiyini bir daha göstərib.

Mövsüm,

AzNews.az