- Dünyanın halı
- 14:07
- 820
Yaponiyada meşə yanğınları altı gündür davam edir
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında ötən həftə başlayan meşə yanğınları bütün müdaxilələrə baxmayaraq nəzarət altına alınmayıb. Geniş əraziyə yayılan alovlar yaşayış məntəqələrini təhdid edir və vəziyyət getdikcə ağırlaşır.
İki bölgədə ciddi dağıntı
Yanğınların Otsuçi yaxınlığındakı Kozuçi və Kirikiri bölgələrində daha güclü olduğu bildirilir. Rəsmi məlumatlara görə, Kirikiridə 1 172 hektar, Kozuçidə isə 448 hektar olmaqla ümumilikdə azı 1 620 hektar meşə sahəsi yanaraq külə dönüb.
Havadan və qurudan müdaxilə davam edir
Yanğınlarla mübarizə Yaponiya Özünümüdafiə Qüvvələrinin dəstəyi ilə intensiv şəkildə davam etdirilir. Xilasetmə qrupları alovun qarşısını almaq üçün həm havadan, həm də qurudan fasiləsiz müdaxilə edir.
Hadisələr nəticəsində biri yanğınsöndürən olmaqla 2 nəfərin yüngül xəsarət aldığı açıqlanıb.
Minlərlə insan təxliyə olunub
Alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbilə genişmiqyaslı təxliyə həyata keçirilib. Ümumilikdə 3 233 nəfər təhlükəsiz ərazilərə köçürülüb, ən azı 8 bina isə yararsız vəziyyətə düşüb.
Baş nazirdən açıqlama
Yaponiya Baş naziri Sanae Takaichi bildirib ki, yanğınların söndürülməsi üçün bütün imkanlar səfərbər olunub:
“Alovun yayılmasının qarşısını almaq və onu mümkün qədər tez nəzarət altına almaq üçün əlimizdən gələni edirik.”
O əlavə edib ki, zərərçəkənlərin ehtiyacları diqqətdə saxlanılır və bərpa prosesi yerli qurumlarla koordinasiyalı şəkildə aparılacaq.
Kriz idarəetməsi gücləndirilib
Yanğınların sürətlə yayılmasından sonra ölkənin müxtəlif bölgələrindən çoxsaylı yanğınsöndürmə briqadaları əraziyə cəlb edilib. Hökumət səviyyəsində xüsusi kriz qərargahı yaradılıb və vəziyyət davamlı izlənilir.
Vaxtla yarış
Mütəxəssislər bildirir ki, güclü külək və mürəkkəb relyef yanğınla mübarizəni çətinləşdirir. Yaxın günlərdə hava şəraitinin həlledici rol oynayacağı vurğulanır. Rəsmilər isə yanğın tam söndürülənə qədər yüksək hazırlıq vəziyyətinin davam edəcəyini bildirir.
Mövsüm,
AzNews.az