- Dünyanın halı
- 14:24
- 980
İsraildə seçki öncəsi ittifaq: Lapid və Bennett Netanyahuya qarşı birləşir
İsraildə keçmiş baş nazirlər Yair Lapid və Naftali Bennett bu il keçiriləcək ümumi seçkilərdə Baş nazir Binyamin Netanyahuya qarşı güclərini birləşdirəcəklərini açıqlayıblar.
Mərkəzçi müxalifət lideri Lapid və sağçı siyasətçi Bennettin əməkdaşlığı beş il əvvəl də Netanyahu hökumətinin devrilməsində həlledici rol oynamışdı.
İki siyasətçi payızda keçirilməsi gözlənilən seçkilər üçün partiyalarını birləşdirmək qərarı verib. Bennett 2026 və “Yeş Atid” partiyaları “Yahad” adlı yeni siyasi qurumda birləşəcək. “Yahad” ivrit dilində “birlikdə” mənasını verir.
Yaydıqları birgə bəyanatda siyasətçilər İsrail dövlətini “yenidən qurmağı” hədəflədiklərini bildiriblər.
Bennett qeyd edib: “Bu birlik bütün İsrail xalqına mesajdır – parçalanma dövrü başa çatıb.”
Lapid isə Macarıstanda hakimiyyət dəyişikliyini xatırladaraq bildirib ki, Viktor Orbanın 16 ildən sonra hakimiyyəti itirməsində cəmiyyətin dəyişiklik istəyinin və vahid namizəd ətrafında birləşmənin rolu böyük olub.
Mövsüm,
AzNews.az