Donald Tramp: Müharibə 3 həftə davam edə bilər

İran ilə ABŞ arasında əldə olunmuş kövrək atəşkəs Hürmüz boğazında sarsılmağa başlayıb. Bölgədə bir müddət susan silahlar yenidən işə düşüb.

MÜHARİBƏ 3 HƏFTƏ DAHA DAVAM EDƏ BİLƏR

ABŞ prezidenti Donald Tramp İranla davam edən qarşıdurma ilə bağlı bildirib ki, müharibə hələ bir müddət davam edəcək.

Onun sözlərinə görə, mövcud hərbi vəziyyət nəzərə alınarsa, toqquşmalar təxminən daha 3 həftə uzana bilər.

Tramp açıqlamasında qeyd edib ki, ABŞ qüvvələri Tehrana məxsus olduğu iddia edilən 8 kiçik sürətli hərbi qayığı məhv edib.

İRANDAN SƏRT REAKSİYA

İranın yarı-rəsmi “Fars” xəbər agentliyi isə bildirib ki, Hürmüz boğazının cənub sularında iki ABŞ ticarət gəmisi qayalıq ərazidə hərəkətsiz qalıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 5 may tarixində “X” platformasında paylaşım edərək ABŞ-ı tənqid edib.

O bildirib ki, ABŞ və müttəfiqləri atəşkəsi pozur, tətbiq edilən blokada isə dəniz daşımaları və enerji tranzitinin təhlükəsizliyini risk altına qoyur.

Qalibaf qeyd edib: “Hürmüz boğazında yeni bir balans formalaşır. ABŞ üçün mövcud vəziyyəti davam etdirmək mümkün deyil”.

KÖRFƏZDƏ YENİDƏN TOQQUŞMALAR

4 may tarixində ABŞ və İran arasında yenidən raket və pilotsuz uçuş aparatı hücumları başlayıb. Bölgədə bir neçə ticarət gəmisində partlayış və yanğınların baş verdiyi bildirilir.

ABŞ tərəfi İrana məxsus 6 hərbi qayığı məhv etdiyini açıqlayıb. İran raketlərinin isə Birləşmiş Ərəb Əmirliklərində yerləşən və ABŞ hərbi bazasına xidmət edən neft limanını hədəf aldığı qeyd olunur.

TRAMP ÇAĞIRDI, CƏNUBİ KOREYA QOŞULA BİLƏR

4 mayda Hürmüz boğazında Cənubi Koreyaya məxsus bir gəmidə baş verən yanğının İran hücumu nəticəsində olduğu ehtimal edilir.

Tramp “Azadlıq Layihəsi” adlandırdığı təşəbbüsə Cənubi Koreyanın da qoşulmalı olduğunu bildirib.

5 may tarixində Cənubi Koreyadan verilən açıqlamada bu layihəyə qoşulma məsələsinin nəzərdən keçirildiyi və bununla bağlı qanun layihəsinin hazırlanmasının gündəmdə olduğu bildirilib.

SON HADİSƏ

5 may səhərində İranın Dayyer limanında bir gəmidə yanğın baş verdiyi açıqlanıb. Hadisənin səbəbi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.