Ukraynada daha geniş ərazi iddiaları gündəmdə

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə təkcə mövcud cəbhə xətti ilə kifayətlənməyərək daha geniş ərazi məqsədlərini, o cümlədən Ukraynanın Kiyev və Odessa istiqamətini əhatə edən potensial planları nəzərdən keçirə bilər.

AzNews.az crossmedia.az-a istinadən xəbər verir ki, “Financial Times” (FT) nəşrinin iki mənbəyə istinadən yaydığı məlumata görə, Kremlin hazırkı rəsmi fokusunun Donbas bölgəsinin tam nəzarətə götürülməsi olduğu bildirilsə də, şəxsi müzakirələrdə Rusiyanın strategiyasının mərkəzi və cənubi Ukraynanı da əhatə edə biləcək daha geniş coğrafiyaya yönəldiyi iddia olunur.

FT-yə danışan mənbələrin bildirdiyinə görə, bu yanaşma xüsusilə Ukraynanın Qara dənizə çıxışı və əsas logistika mərkəzləri kimi strateji bölgələr üzərində nəzarət iddialarını da ehtiva edə bilər. Hətta Dnepr çayı boyunca dominantlığın təmin olunması, Kiyev və Qara dənizin əsas liman şəhəri Odessa daxil olmaqla geniş ərazilərə təsir imkanlarının artırılması ehtimalı qeyd edilir.

Mənbələr həmçinin bildirir ki, Rusiya rəhbərliyi Ukrayna ordusunun uzunmüddətli müharibə nəticəsində zəifləyəcəyini düşünür və bu vəziyyətdən istifadə edərək mümkün atəşkəs danışıqlarında şərtləri tədricən sərtləşdirməyi planlaşdırır.

Eyni zamanda iddialara görə, əgər Rusiya Donbasın tam nəzarətini ələ keçirə bilsə, Kremlin yeni ərazi tələbləri irəli sürməsi istisna edilmir.