“Bakı bu tədbirlə bir daha müsəlman aləminə birlik mesajları ünvanlayır” – POLİTOLOQ

Elman Nəsirov: “Azərbaycanın həm İsrail, həm də Fələstin dövləti ilə yaxın münasibətləri var”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 4-də Fələstin dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini, dəstəyini əsirgəmədiyini bildirib. Dövlət başçısı qeyd edib ki, noyabrın 5-də Bakıda keçirilmiş Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsi deyilənlərin bariz nümunəsidir.

Millət vəkili Elman Nəsirov mövzunu AzNews.az-a şərh edərkən bildirdi ki, Azərbaycan Respublikası müsəlman dünyasında birliyin əldə edilməsi üçün çox mühüm addımlar atıb:

“Təsadüfi deyil ki, ölkəmizdə dövlət başçısının imzası ilə İslam Həmrəylik ili elan edilib. Sayca 4-cü İslam Həmrəylik Oyunları keçirilib. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu oyunlarda müxtəlif müsəlman ölkələrinin idmançıları bir-birinin əllərini sıxıb, dost-qardaş kimi yanaşıblar. Bununla da öz ölkələrinin liderlərinə bir mesaj göndəriblər. Yəni siz də bir-birinizin əlini sıxıb, dost-qardaş münasibəti göstərin. Belə olan halda müsəlman aləmində heç bir problem olmaz.

Azərbaycan Respublikası və onun Prezidenti İlham Əliyev müsəlman həmrəyliyinin təşkil edilməsi işinə çox böyük töhfələr verdiyini təkcə sözlə yox, həm də bu sahədə atdığı addımlarla təsdiq edib. Hesab edirəm ki, Azərbaycan paytaxtında Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı da eyni məntiqdən qaynaqlanır. Bakı belə bir tədbirə ev sahibliyi etməklə növbəti dəfə müsəlman aləminə birlik, bərabərlik mesajları ünvanlayır.

İndiki halda isə konkret Fələstin dövlətinin müdafiəsi ilə bağlı atılmış bir addımdır. Bu mövqeyi cənab Prezident Fələstin dövlətinin xarici işlər naziri Riad Maliki ilə apardığı danışıqlarda da davam etdirdi və qeyd etdi ki, Azərbaycan dövləti ilk növbədə Fələstin məsələsinin beynəlxalq hüquq çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr çərçivəsində hüquqi həllinin tapılmasını istəyir və mövcud münaqişənin dinc yolla, sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Bu işdə də öz töhfələrini verir”.

Millət vəkili həmçinin bildirdi ki, Riad Maliki də öz növbəsində İlham Əliyevə təşəkkür edib və Azərbaycanın bu sahədəki fəaliyyətinin çox böyük maraq doğurduğunu qeyd edib:

“O, xatırlatdı ki, 2017-ci ilin dekabr ayının 13-də Qüds məsələsi ilə bağlı İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısında Azərbaycan prezidenti həm iştirak etdi, həm də çıxış edərək birmənalı şəkildə Fələstinin mövqeyini müdafiə etdi. İlham Əliyev çıxışı zamanı söylədi ki, Qüdslə bağlı ABŞ tərəfindən qəbul edilmiş qərar düzgün qərar deyil və ona yenidən baxılmalıdır, Həmçinin Şərqi Qüds Fələstin dövlətinin paytaxtıdır və münaqişənin həllində iki dövlət prinspi əsas götürülməlidir. Bu, bizim dəyişməz mövqeyimizdir. Azərbaycan prezidenti də yüksək beynəlxalq tribunalarda bunu səsləndirib”.
Elman Nəsirov onu da vurğuladı ki, Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısının Bakıda keçirilməsi, məhz Azərbaycan paytaxtının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın Fələstin xalqının beynəlxalq hüquqa söykənən haqlarını müdafiə etdiyini göstərir:

“Bu müdafiə təkcə siyasi sahədə deyil, həmçinin iqtisadi və humanitar sahələrdə də özünü ifadə edir. Belə ki, Azərbaycan indiyə qədər Fələstin dövləti ilə bağlı fondlara 5 milyon dollar yardımlar həyata keçirib. Bu ilin oktyabr ayında isə bu məqsədlə daha 200 min dollar vəsait ayrılıb. Bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan münaqişənin tənzimlənməsi məsələsində Fələstinin haqq işini müdafiə edir.

Bu yolda bir məqama da diqqət yetirmək vacibdir ki, Azərbaycan dövlətinin eyni zamanda İsrail ilə də sıx inkişaf edən münasibətləri var. Bizim Fələstin İsrail münaqişəsi ilə bağlı tutduğumuz bu mövqe heç də İsrail dövlətinin əleyhinə deyil. Bu, sadəcə Azərbaycanın prinsipial mövqeyidir. Azərbaycanın həm İsrail dövləti ilə, həm də Fələstin dövləti ilə yaxın münasibətləri var. Burada bizim üçün əsas məsələ beynəlxalq hüquq və onun prinsipləridir. Beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır. İsrail dövləti də çox gözəl anlayır ki, Azərbaycan dövləti müstəqil xarici siyasət yeridir və yalnız beynəlxalq hüquqa söykənən davrnış tərzini qəbul edir. Bu, Azərbaycanın dəyişməz, qəti mövqeyidir”.

Pərvanə AĞAZADƏ
AzNews.az