Struktur islahatları iqtisadi səmərəliliyi daha da artıracaq

Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi sübut edir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətinin tənzimlənməsi davamlı və zəruri səciyyə daşıyır.

Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə uyğunluğu ilə şərtlənir. Prezident İlham Əliyev müasir dünyada mövcud siyasi-iqtisadi vəziyyəti, qlobal maraqlar sistemini nəzərə almaqla ölkəmizin davamlı inkişafı istiqamətində kompleks islahatları davam etdirir.Ölkə başçısı dünən dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında növbəti fərman imzalayıb.

Fərmana əsasən “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi yaranır, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.

Prezident İlham Əliyevin apardığı struktur islahatları iqtisadi səmərəliliyin daha da artırılmasına xidmət edir. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkiaşfına xidmətə yönəldir. “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyinin yaradılması da iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.

Ölkə başçısısnın fərmanına əsasən həmçinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə aparılan bu islahatlar mühüm nəticələr verir. Dünyanın nüfuzlu maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edirlər. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu nəticə ilə ölkəmiz Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt bir daha gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə səmərəli və effektiv dövlət idarəetmə aparatı yaranıb.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdə qərarlaşıb. İl ərzində biz 32 pillə irəliləmək çox yüksək göstəricidir. Dünyada ciddi iqtisadi kataklizmlərin, sosial problemlərin dərinləşdiyi bir şəraitdə Azərbaycanda Ümumi daxili məhsul (ÜDM) artımı ötən il 1,4 faiz, qeyri-neft sektorunun inkişafı 1,8 faiz, sənaye istehsalı 1,5 faiz artıb. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. 118 min daimi iş yeri yaradılıb.

Azərbaycan iqtisadiyyatının inkişafı, siyasi sabitlik investisiyaların həcminə də pozitiv təsir göstərib. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Bu bir daha göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.

Həyata keçirilən struktur islahatları Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib hissəsidir. Bu səbəbdən də ölkədə aparılan struktur islahatlarının davamlı olacağı heç bir şübhə döğurmur. Azərbaycan hökuməti bir ildir ki, post-neft dövrünün başlandığını rəsmi şəkildə elan edib. Bu gün ölkədə bütün islahatlar məhz bu dövrün tələblərinə uyğun bir səviyyədə aparılır. Struktur islahatları idarəetmədə paralleliyin ləğvini, çevikliyin təmin edilməsini, inkişafın qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyən islahatlardır. Ötən müddətdə bu istiqamətdə çox işlər görülüb. İdarəetmədə maksimum çevikliyin təmin edilməsi üçün bir çox dövlət strukturları ləğv edilərək başqa müvafiq qurumlarla birləşdirilib, məmur - vətəndaş münasibətlərindəki neqativ halların aradan qaldırılması məqsədilə bir çox dövlət orqanlarının funksiyaları ASAN Xidmətə verilib.

Respublikamızın sabit iqtisadi inkişaf yolunda olması idarəçiliyin demokratik formasını sabitləşdirməyə və möhkəmlətməyə əsaslı zəmin formalaşdırır. İndiki məqamda ölkənin siyasi elitası qarşısında duran əsas vəzifələrdən biri iqtisadi nailiyyətləri yeni demokratik şüur formalaşdırılması amilinə transformasiya etməkdir.

© AzNews.az