"İstəsək vasitəçiləri dəvət edərik, istəməsək dəvət etmərik" - Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri: “ABŞ və Fransa konkret heç nə təklif etmədən nizamlanma prosesinə qayıtmağa çalışırlar”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı Qarabağda müharibədən sonrakı vəziyyətdə Rusiya və Türkiyənin həlledici rol oynamasından Qərbin narazılığından xəbər verir. Bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-a müsahibəsində ATƏT-in Minsk Qrupunun son bəyanatını necə qiymətləndirdiyinə dair sualı cavablandırarkən bildirib.

"ABŞ və Fransa nizamlanma prosesinin iştirakçıları olmaq istəyirlər, Lakin Azərbaycan prezidentinin dediyi kimi, Minsk Qrupu heç bir konkret təklif verməyib, heç bir ideya irəli sürməyib. Ümumilikdə, bu, Azərbaycanın suveren hüquqi məsələsidir: istəsək vasitəçiləri dəvət edərik, istəməsək dəvət etmərik.

Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun nəsə yeni prinsipial təklif irəli sürməsini təsəvvür etmək çətindir”, - Zülfüqarov deyib.

Onun fikrincə, münaqişə zonasının bərpası məqsədilə Qarabağ üzrə donor konfransının təşkilatçısı kimi ATƏT-in Minsk qrupunun iştirakı yerinə düşərdi. "İstənilən halda, hələlik vasitəçilərdən mənasız bəyanatlardan başqa heç bir praktiki təklif daxil olmayıb", - o qeyd edib.

Bakı və Yerevanın sülh sazişi bağlamadığını nəzərə alsaq, münaqişənin bitməsilə bağlı rəsmi Bakının bəyanatları nə dərəcədə əsaslıdır? Zülfüqarov bu suala cavabında deyib ki, Azərbaycan öz ərazilərini 30 illik işğaldan azad edib.

"Bu mənada münaqişə bitib və dövlətlərarası sərhəd tamamən olmasa da bərpa edilib. Yəni, biz işğala son qoyduq. Qalan məsələlərə gəlincə, bu, artıq münaqişə deyil, azərbaycanlıların və ermənilərin birgə yaşaması, erməni əhalinin Azərbaycan dövlətinə reinteqrasiyası problemidir. Bu məsələlərin həlli üçün Azərbaycan Rusiya və Türkiyənin timsalında özünə tərəfdaşlar seçib və bu proses öz axarı ilə gedir.

Bəzi ölkələr deyirlər ki, münaqişə həll olunmayıb, Qarabağın statusunu müzakirə etmək lazımdır. Ancaq burada ilk növbədə bizim fikrimiz vacibdir, başqa ölkələrin yox. Münaqişə həll olunub, işğala son qoyulub, qalan məsələləri isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edəcəyik", - Tofiq Zülfüqarov vurğulayıb.

AzNews.az