İlqar Vəlizadə: "Şuşa Bəyannaməsi üçüncü ölkələri Azərbaycan və Türkiyə əleyhinə addımlardan çəkindirəcək" İlqar Vəlizadə: "Şuşa Bəyannaməsi üçüncü ölkələri Azərbaycan və Türkiyə əleyhinə addımlardan çəkindirəcək"

"Ermənistan kiçik oyunçudur" - Politoloq

İlqar Vəlizadə: "Şuşa Bəyannaməsi üçüncü ölkələri Azərbaycan və Türkiyə əleyhinə addımlardan çəkindirəcək"

Dünən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə səfər edib. Prezidentlərin təkbətək görüşündən sonra Şuşada tarixi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Politoloq İlqar Vəlizadə Şuşa Bəyannaməsinin əhəmiyyəti ilə bağlı AzNews.az analitik- informasiya portalına danışıb.

O bildirib ki, Şuşa Bəyannaməsi vacib və əhəmiyyətli məzmuna sahib olduğu kimi çox böyük rəmzi məna da daşıyır:

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi onu göstərdi ki, Azərbaycan- Türkiyə münasibətlərində müttəfiqlik səviyyəsindədir. Bəyannamə nəinki Azərbaycan-Türkiyə münasibətləri, ümumilikdə region üçün əhəmiyyətli faktorları özündə ehtiva edir. Sözsüz ki, bu iki qardaş xalqın ortaq tarixinə yazılan ciddi hadisədir. Çünki bu ikitərəfli əməkdaşlığın daha da genişlənməsindən xəbər verir”.

İ.Vəlizadə müttəfiqlik bəyannaməsinin hərbi-texniki baxımdan vacibliyini vurğulayaraq qeyd edib ki, regional təhdidlərə baxmayaraq Türkiyə bu həssas məsələdə də Azərbaycanın yanında oldu:

“Müxtəlif qüvvələr və qütblər bir-biri ilə savaşlarında kiçik oyunçulardan istifadə edirlər. Bizim regionumuzda kiçik oyunçu rolunu Ermənistan oynayır.

İkitərəfli hərbi texniki əməkdaşlıq və müttəfiqlik imkan verir ki, üçüncü ölkələr Azərbaycan və Türkiyə əleyhinə addımlardan çəkinsin".

Politoloq əlavə edib ki, sazişin deklarasiyasında siyasi, iqtisadi, nəqliyyat, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqla yanaşı Zəngəzur dəhlizi məsələsi də öz əksini tapır: "Bu məsələlər hər biri ayrı-ayrılıqda çox vacib önəm daşıyır. Artıq bizim üçün vacib məsələ odur ki, sülh və əminamanlıq uzun müddətli olsun və təkcə Azərbaycanla Türkiyə üçün yox, digər ölkələrin maraqlarına da cavab versin. O ölkələrin ki, Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərini qurmağa həmişə hazırdır".

Şəbnəm Zahir

AzNews.az