“ABŞ və Rusiya münasibətləri ən gərgin zamanını yaşayır”- Yeganə Hacıyeva

"Putin hesab edir ki, ABŞ onu devirmək, Rusiyada hakim elitanı parçalamaq istəyir"

Bu günlərdə İsveçrənin Cenevrə şəhərində yerləşən La Qranj malikanəsində Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə görüşdü. Tərəflərin regional məsələləri, kiber təhlükəsizliyi, və qarşılıqlı münasibətləri müzakirə etdiklər bildirilir.

ABŞ - Rusiya münasibətləri, Cenevrə görüşünün təfərrüatları ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva AzNews.az analitik informasiya portalının suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- ABŞ-ın yeni prezidenti Co Bayden vəzifəsinin icrasına başlayan kimi Rusiyaya qarşı sərt mövqeyi ilə diqqət çəkdi. Rusiyaya etdiyi xəbərdarlıqlar və ən əsası Putini “qatil” adlandırması tərəflər arasında gərginliyi daha da artırdı. İyunun 16-da ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan Cenevrə görüşü necə şərh etmək olar?

- ABŞ və Rusiya prezidentlərinin görüşü tarixi bir zərurətdir. Son illər iki ölkə arasında münasibətlər kəskin gərginləşməkdədir. Bu gərginləşmə SSRİ dağılandan sonra pik həddə çatıb. Ümumiyyətlə, ABŞ və Rusiyanın ən yeni tarixdəki münasibətlərinə nəzər yetirsək, bu gərginləşmənin 2008-ci ildə artan və azalan xətt üzrə mövsümü olaraq davam etdiyini görə bilərik. Hazırda ABŞ və Rusiyanın ən gərgin zamanlarını yaşadığını da demək olar.

Konkret olaraq Cenevrə görüşünü iki dövlət üçün faydalı görüş adlandırmaq mümkün deyil. Çünki görüşdə müzakirəsi vacib olan mövzulara, qarşılıqlı həll olunması vacib olan problemlərə qismən toxunulması, bəzilərinə heç toxunulmaması bunu göstərir. Bu səbəbdən bu görüşü iki ölkə arasında faydalı görüş adlandırmaq olmaz.

- Сenevrə görüşünün yaxın müddətdə iki ölkə arasındakı münasibətlərdə nə dərəcə rolu ola bilər?

- Bu görüşdə tərəflər ümumi münasibətlərin statusunu bu səviyyədə saxlamaq barədə razılığa gəldilər. Bir mənada qismən də olsa, bu görüşü faydalı adlandırmaq olar. Ən azından münasibətlər gərginləşməkdə davam etməyəcək. Cenevrə görüşünü indiyə qədər olan gərginliyi saxlamağa , bundan sonra artan xətt üzrə inkişaf etməməsinə razılaşma kimi adlandıra bilərik. Hər iki ölkənin bir-birinə ümumi qarşılıqlı narazılıqları və tələbləri var.

- Görüşdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden iki ölkənin səfirlərinin iş yerlərinə - Moskvaya və Vaşinqtona qayıtması barədə razılığa gəliblər.

Bunu tərəflər arasında münasibətlərin yaxşıya doğru getdiyi kimi dəyərləndirmək olar mı?

-Bu qərarı daha öncə haqqında danışdığımız gərginliyin dayandırılması istiqamətində bir jest kimi qəbul etmək olar. İkitərəfli münasibətlər səfirlər vasitəsilə tənzimlənir. Səfirlərin olmaması qısa müddət ərzində həll olunan,təcili yanaşma tələb olunan məsələlərin həllində çətinliyə səbəb olur.
Bundan həm Rusiyanın Amerikadakı vətəndaşları, həm də Amerikanın Rusiyadakı vətəndaşları əziyyət çəkir. Təkcə vətəndaşlar deyil iqtisadiyyat, biznes kimi digər sahələrdə də çətinliklər yaranır.

Ancaq qeyd etmək lazımdır ki, bu razılaşmanın müəyyən şərtləri var. Yəni, səfirlərin qayıtması ümumi razılıq olsa da müəyyən diplomatik etika və davranışa uyğun olaraq davranılması haqqında razılaşma da mövcuddur. Bunu münasibələrin yaxşıya doğru dəyişməsini istiqamətində müvəqqəti də olsa, irəliləmə kimi qəbul edə bilərik. Ancaq səfirlərin qayıtması tərəflər arasında münasibətlərin tam yaxşı olacağı anlamına gəlmir. Çünki münasibətlərin indiki vəziyyəti iki ölkə rəhbərlərinin qısa müddətli qərarı, təşəbbüsü və s. kimi məramları ilə yaxşılaşdırılmayacaq qədər gərgindir.

- ABŞ və Rusiya münasibətlərinin kəskinləşməsində Rusiyanın ABŞ daxili proseslərə qarışması, kiber hücumları, ABŞ-ın isə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar yer alır. Tərəflərin bu və digər məsələrə qarşılıqlı mövqeyini necə qiymətləndirmək olar?

- ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Rusiya ABŞ demokratiyasını parçalamaq, dağıtmaq üçün sistemli fəaliyyət göstərir. Eyni zamanda da ABŞ-ın daxilində cəmiyyəti parçalamağa, ekstremizmin mobilləşməsi və siyasiləşməsinə çalışır. ABŞ həm də hesab edir ki, Rusiya Ukrayna məsələsində də haqsızdır. Məhz buna görə də ABŞ Rusiyaya münasibətdə prinsipal məsələlər kimi Ukraynanın ərazi bütövlüyü və Rusiya daxili insan haqları məsələsini daha da qabardır. Sanksiyalar haqqında danışsaq, qeyd edim ki, ABŞ Rusiyaya iqtisadi sanksiyalarını ilk dəfə 1917-ci ildə tətbiq edib, yəni ABŞ-ın Rusiyaya sanksiya tətbiqinin bir əsrlik tarixi mövcuddur.

Müasir dövrdə isə daha aktiv 2014-cü ildən başlayaraq davam edən ABŞ sanksiyalarına bu ilin ilk 6 ayında daha iki sanksiya paketi əlavə olunub. Bu sanksiyalar Rusiyanın məhz mədən , müdafiə və maliyyə sənayesini vurmaqla məşğuldur.

Əsasən də mədən və müdafiə sənayesini hansı ki, hər iki sənaye Rusiyanın büdcəsinin formalaşmasında da geniş iştirak edən sahələrdir.

Bunlara qarşılıq olaraq Rusiya hesab edir ki, ABŞ Rusiyadakı mövcud hakimiyyəti devirmək istəyir.

Eyni fikri Bayden Cenevrədəki görüşdən əvvəl keçirilən mətbuat konfransında səsləndirdi.

Baydenin sözlərinə görə, Putin hesab edir ki, ABŞ onu devirmək , Rusiyada hakim elitanı parçalamaq istəyir.

- Rusiyanın bu iddiaları nə qədər realdır?

- Əslində, mən düşünürəm ki, bu iddiada həqiqət payı var. Hakim elitanın dağılması , Rusiyanın daxili siyasi sisteminin parçalanması istiqamətində ABŞ kifayət qədər ciddi işlər görür. Bu Rusiya daxilində ABŞ-a bağlı ictimai siyasi qruplar, institutlar vasitəsilə həyata keçirilir. Rusiya hesab edir ki, ABŞ Rusiyanın daxilində Putinə alternativ kimlərinsə hazırlanması istiqamətində layihələr həyata keçirir. Ancaq göründüyü kimi, məhz Bayden bu istiqamətdə Rusiyaya Putinin eşitmək istədiyi mesajları verdi. Bu mesajlar ondan ibarət idi ki, bu gün ABŞ-ın problemi Rusiyanın daxilində kimin hakimiyyətdə olması deyil. ABŞ, Rusiya daxilində sadəcə demokratiya üçün narahatdır.

- Bəs, Rusiya bunlara hansı addımlarla cavab verir?

- Rusiya ABŞ seçkilərinə kənar müdaxilələr edərək iqtisadi şirkətlərə kiber hücumlar vasitəsilə ABŞ-a çoxmilyardlıq ziyanlar vurur. Həmçinin Rusiya ABŞ-ın daxilində siyasi proseslərə sirayət etməklə ona daxildə cavab verməyə çalışır.

Rusiya istər kiber hücumlar, istərsə də ABŞ daxilində radikal və ekstremist qrupların təşkilatlanması və mobilləşməsi istiqamətində işlər görür.

- Cenevrə görüşündə tərəflərin qeyd olunan məsələlərin müzakirəsinə, qarşılıqlı diplomatik münasibətlərə toxunduqları bildirilir. Bu müzakirələrin nə ilə nəticələnəcəyi gözlənilir?

- Qeyd etdiyim kimi, bu görüşü faydalı görüş adlandırmaq olmaz. Bundan sonrakı mərhələdə ümumi gərginliyin dayandırılması gözlənilir. Ancaq ABŞ və Rusiyanın Yaxın Şərqdə , Avropada, Ukraniyada, Mərkəzi Asiyada Cənubi Qafqazda uzlaşmadığı və narazı olduğu məqamlar var.

ABŞ Rusiyanı Avropadakı tərəfdaşlarının iqtisadi və digər təhlükəsizliyini parçalamaqda günahlandırır. Bu prosesin bundan sonra dayandırılacağını ehtimal etmək olmaz. Çünki ABŞ Rusiyaya bunun müqabilində əldə edəcəyi məqamları görüşdə təklif etmədi. 2008-ci ildə Rusiya, Gürcüstanın ərazisin soxulanda məhz Tiflis yaxınlığından qoşunları çəkmək üçün Avropa və ABŞ-dan çox milyardlıq razılaşmalar əldə etdi. Eynisini Rusiya 2014-2015- ci illərdə Ukraniya ərazisinə soxulmaqla cəhd etmişdi. Ancaq bu dəfə hesabında yanılmışdı çünki Qərb Rusiyanın bunu təkrarlaması üzərindən təkliflər irəli sürmədi və Rusiya gözlədiyi nəticəni əldə etmədi.

İndi nə Avropanın nə ABŞ-ın bu istiqamətdə təklif edəcəyi bir şey yoxdur ki, o Rusiyanı maraqlandırsın. Rusiyanı maraqlandıra biləcək təklif isə ABŞ-ın marağında deyil. Yəni arada qarşılıqlı qeyri-uzlaşma var. Bu uyğunsuzluq iki prezidentin istəyi ilə qısa müddətdə aradan qalxacaq uyğunsuzluq deyil. Bu uyğunsuzluq dərindədir. Onun aradan qaldırılması üçün hər iki tərəf uzun illər bunun üzərində işləməlidir.

Şəbnəm Zahir
AzNews.az